Lənkəran rayonunda baş həkimi öldürməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. V.Abbasov rayonda şadlıq saraylarından birində operator vəzifəsində çalışıb. V.Abbasovun həmkəndlisi, iki gün əvvəl Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edən, 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla əlaqəsinin olduğu bildirilir.

Daha bir saxlanılanın isə Səpnəkəran kənd sakini olduğu bildirilir. Hadisənin təfərrüatlarına gəlincə, hadisənin tamah məqsədilə törədildiyi deyilir. Əldə etdiyimiz məlumata görə cinayətin açılmasında hadisə törədən şəxslərlə dünyasını dəyişən ev sahibinin telefon danışıqları tutarlı sübutlar kimi istifadə olunub.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib.

Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.