Hacıbala Abutalıbovun restoran savaşı
Hacıbala Abutalıbovun restoran savaşı
Bakı meri iş adamının obyektinə əl qoydurub

Son vaxtlar haqqında qismən az yazılmağa başlayan Hacıbala Abutalıbov haqqında maraqlı məlumat yayılıb."Unikal"a daxil olan məlumatda bildirilir ki,Bakı şəhər İcra Hakimiyyəti başçısı paytaxtın mərkəzindəki restoranlardan birinə əl qoyub.
İddialara görə, sözügedən restoran Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisindəki hissəsində yerləşir. Kifayət qədər böyük olan obyektin sahibinin Taleh Ağayev adlı iş adamı olduğu bildirilən xəbərdə o da vurğulanır ki, restoranın ümumi ərazisi 5 min kvadratmetrdir. Artıq həmin obyektin ərazisinin bir hissəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tamamilə qanunsuz şəkildə zəbt edilib.
Belə ki, bir neçə gün əvvəl restoranın sahibinin əvvəlcədən məlumatı olmadan və şəhər meriyası əməkdaşları tərəfindən heç bir müvafiq sənəd göstərilmədən haqqında danışılan restoranın ərazisinə müdaxilə olunub. Həmin gün səhər saatlarında obyekt sahibi olan iş adamına xəbər gəlib çatıb ki, Bakı şəhər İcra Hakimiyyətindən təşrif buyurmuş bir qrup insan artıq restoranın həyətində tikinti işləri aparırlar. Restoran sahibi obyektə məxsus əraziyə gəldikdə artıq Hacıbala Abutalıbovun işçilərinin söküntü işləri ilə məşğul olmağa başladıqlarını görüb. İş adamı bunun səbəbini öyrənmək üçün dəfələrlə cəhd göstərsə də, onun sualları cavabsız qalıb. Söküntü ilə bağlı sənəd təqdim etməyən Abutalıbovun işçiləri obyekt sahibini aparılan bu əməliyyat barədə hətta şifahi şəkildə də bilgiləndirməkdən imtina ediblər.
İddialara görə, Hacıbala Abutalıbovun əməkdaşları söküntünü heç bir məhkəmə qərarı olmadan, tamamilə özbaşına şəkildə həyata keçiriblər. İndi obyekt sahibini də ən çox düşündürən məhz bu sualdır: heç bir məhkəmə göstərişi olmadan kiminsə şəxsi mülkünə necə müdaxilə etmək olar?
Onu da qeyd etməliyik ki, verilən xəbrdə Hacıbala Abutalıbovun işçilərinin əl qoyduqları obyektin ərazisinin bütün sənədlərinin məhz Taleh Ağayev adlı iş adamına məxsus olduğu və bunu məhkəmə qərarı ilə də öz təsdiqini tapdığı bildirilir. O da deyilir ki, artıq həmin iş adamı baş verənlərlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Bunun üçün lazımi sənədləri toplamaqla məşğul olan restoran sahibinin üzləşdiyi qanunsuzluğa hüquqi qiymət verilməsi üçün sonadək mübarizə aparacağını bəyan etdiyi də gələn məlumatlar arasındadır.
Başqa bir iddiaya görə isə haqqında danışılan obyektdə gözü olan heç də Bakı şəhər İcra Hakimiyyətinin başçısının özü deyil. Həmin restoranın yerində vergilər idarəsi üçün binanın tikilməsi planlaşdırılıb və onun ərazisinin mühüm bir hissəsinin zəbt edilərək sökülməsi də bunun üçündür. Bunun nə qədər doğru olub-olmadığını demək çətindir, ona görə də prosesdə Abutalıbovun işçilərinin xüsusi fəallıq etməsi səbəbindən indilik bütıün diqqətlərin məhz paytaxtın İcra Hakimiyyəti rəhbərinə yönəlməsi təbiidir. Qeyd edək ki, meriya işçiləri artıq restoranın ərazisinin həmin hissəsi meriya tərəfindən hasarlanıb.
Başqa bir məlumata görə isə restoran ərazisində söküntü-tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov adlı əməkdaşı rəhbərlik edib. Qeyd edək ki, bu şəxs Bakının mərkəzində vətəndaşların evlərinin uçurulmasında da əsas rol oynayanlardan, prosesə rəhbərlik edənlərdən biridir və onun evləri başına yıxılan sakinlərə qarşı aqressiv, təhqiramiz, zorakı davranışı barədə ötən müddətdə ölkə mətbuatında yetərincə bəhs edilib.
Dünən Bakı şəhər İcra Hakimiyyətinə yaxın qaynaqlardan Abutalıbovun məlum restoranla savaşda olduğunu təsdiqləyən bilgilər aldıq. Həqiqətən restoranın bir hissəsinin zəbt olunduğuna diqqət çəkən meriyadakı qaynağımız haqqında danışılan restoran-kafenin fəaliyyətinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 ildir ki, dondurulduğunu da dedi. Söküntünün məhkəmə qərarı olmadan aparılması barədə bilgisiz olduğunu deyən mənbəmiz istər onun fəaliyyətinin hansı səbəbdən dondurulması, istərsə də zəbt edilən əraziyə Bakı merinin özünün, yoxsa hər hansı başqa iri məmurun gözünün düşdüyü barədə məlumatlı olmadığını da diqqətə çatdırdı.
İnformasiya şöbəsi