Vergilər Nazirliyinin bir sıra funksiyaları Maliyyə Nazirliyinə verilir 

Məlum olduğu kimi, bir müddətdir Azərbaycanda çoxsayda dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi prosesinə start verilib.

Hazırda dövlət qurumlarında oxşar  funksiyalarla bağlı araşdırma davam etdirilir. Bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Bütün bunlar onların ləğvi və ya birləşdirilməsi istiqamətində addımlar atılmasını zəruri edir. Belədə həm hökumət kabinetinin daha da komplektləşdirilməsi və çevik fəaliyyəti təmin oluna bilər, həm də iqtisadi böhran şəraitində kifayət qədər iri həcmdə büdcə vəsaitinə qənaət edilər.

«Unikal» qəzetinin əldə etdiyi məlumata görə, artıq daha bir iri dövlət qurumunun ləğvi qətiləşib. Bu Vergilər Nazirliyidir. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin ləğv edildikdən sonra səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi gözlənilir.Hələ bir müddət əvvəldən müstəqil KİV və ekspertlər  yazırlar ki, xüsusən indiki məqamda -neft gəlirlərinin azalmağa başladığı və büdcəyə qeyri-neft sektorundan, o cümlədən sahibkarlıq subyektlərindən vəsaitlərin artırılmasının xüsusi önəm kəsb etdiyi vaxtda bu məsələ daha da vacibləşib. Lakin görünən odur ki, dövlət büdcəsinə bu sahədən vergi daxilolmaları heç də reallığı əks etdirmir. Sahibkarlıq subyektlərindən dövlət büdcəsinə vergi daxilolmalarının səviyyəsi ölkədə özəl sektorun inkişaf göstəricilərindən bəlkə də dəfələrlə aşağıdır. Başqa sözlə, hazırda Vergilər Nazirliyi dövlətin bu sahədə siyasətini və büdcənin öhdəliklərini heç də lazımi səviyyədə yerinə yetirmək iqtidarında deyil. Digər tərəfdən isə hazırda Azərbaycandan başqa (Bolqarıstan istisna olmaqla) heç bir Avropa ölkəsində Vergilər Nazirliyi adlı ayrıca hökumət qurumu mövcud deyil və inkişaf etmiş dünya ölkələrində vergi xidməti əsasən maliyyə strukturlarının tərkib hissəsi kimi mövcuddur. Ona görə də Azərbaycanda belə bir iri qurumun saxlanması xərcləri büdcə üçün ağır yükə çevrilib. 

Nəhayət, Vergilər Nazirliyi Azərbaycanda sahibkarlığın inkişafında əsas maneyə, tormozlayıcı qüvvəyə çevrilib. Bunu ölkə başçısı ötən ilin iyulunda Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da açıq şəkildə dilə gətirmişdi. Dövlət rəhbəri Vergilər Nazirliyinin fəaliyyətinə toxunarkən bunları bildirmişdi: "Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq". 
Prezident qeyd etmişdi ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək: " Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın" 

«Unikal» qəzetinə daxil olan məlumatda bildirilir ki, yuxarıda haqqında danışılan hər üç məqam hökumət daxilində Vergilər Nazirliyinin gələcək taleyi ilə bağlı müzakirələrin aparılmasına gətirib çıxarıb. Bu müzakirələrin yekun nəticəsi Fazil Məmmədovun rəhbəri olduğu nazirliyin ləğv edilməsi və səlahiyyətlərinin də Maliyyə Nazirliyinə verilməsi yönündədir. 

Mənbəmiz sözügedən qərarın ən qısa vaxtda rəsmiləşəcəyini bildirir. Əgər həmin iddia doğru çıxarsa, bu, daha bir nüfuzlu oliqarxın - Fazil Məmmədovun işsiz qalması demək olacaq.
 
Orxan Həsənli