Sahibkarlar Şahin Mustafayevlə Ramiz Həsənovun arasında qalıb
Sahibkarlar Şahin Mustafayevlə Ramiz Həsənovun arasında qalıb

Nazirliklə komitənin əlaqəli işləməməsi problemlər yaradır

Dünən verilən məlumata görə, bu ay ərzində çörək istehsalçılarını məhsulu fərdi qablaşdırmada buraxmağa məcbur edəcək standart qəbul ediləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çörək və lavaş istehsalı sahəsində dörd milli və altı dövlətlərarası standart mövcuddur. "Hazırda qüvvədə olan standartlara dəyişikliklər hazırlanır. Həmin dəyişikliklərə əsasən, çörək məhsulu yalnız fərdi qablaşdırmada satılacaq. Qablaşdırmada bütün sanitar-gigiyenik qaydalara riayət edilməklə istehsalçı haqqında məlumat yerləşdiriləcək", - Tağıyev deyib.
Onun sözlərinə görə, bu, çörəyin çatdırılması və satılması zamanı məhsulun çirklənməsi problemini həll edəcək.
Əlbəttə, bu, təqdirəlayiq addımdır və vətəndaşların sağlamlığı üçün önəmlidir. Amma…
bir məqamı xüsusilə qeyd etməkdə fayda görürük. İstər çörək istehsalı ilə məşğul olan, istərsə də digər məhsulların istehsalçıları sözün həqiqi mənasında iki dövlət qurumunun arasında qalıblar. Az qalırlar ki, başlarını itirsinlər. Bunlardan biri Ramiz Həsənovun Standartlaşma, Patent və Metrologiya Komitəsidirsə, digəri də Şahin Mustafayevin İqtisadi İnkişaf Nazirliydir, daha doğrusu, nazirliyin Antiinhisar və İstehlak Hüquqlarını Müdafiəsi Dövlət Xidmətidir.
Sahibkarlar mütəmadi olaraq bu iki qurumun təftişlərinə məruz qalırlar, ilk baxışda onlar iş adamlarının qapısını fərqli niyyətlərlə döysələr də sonda hər şey gedib istehsal olunan, satılan məhsulun keyfiyyəti, standartlara cavab verib-verməməsi məsələsinə dirənir. Qurumlar arasında əlaqəli fəaliyyət olmadığı üçün, tam əksinə, onların bir-birindən qopuq, bir-biri ilə münaqişəli münasibəti sahibkarlara əlavə problemlər, bürokratik əngəllər, lazımsız vaxt və enerji itkisi yaşadır. Bunu elə sahibkarların özlərindən də eşitmək mümkündür.
Qısası, hansısa standartların qəbul olunması, keyfiyyət tələblərinin müəyyənləşdirilməsi yaxşıdır, həm istehsalçı, həm də istehlakçı maraqlarına uyğundur. Amma bu standartların, tələblərin monitorinqinin fərqli qurumlar tərəfindən fərqli müstəvilərdə aparılması, bəzən bir qurumun digər qurumun funksiyalarına müdaxilə etməkdən belə, çəkinməməsi sonucda iş adamlarını yersiz problemlər qarşısında qoyur.
Bunu həm Ramiz Həsənovun Standartlaşma, Patent və Metrologiya Komitəsinin, həm də Şahin Mustafayevin İqtisadi İnkişaf Nazirliyinin nəzərə almasında, gərəkən nəticə çıxarmasında fayda var.
Azər Aslan