Oqtay Şirəliyev dərman bazarında necə güclənmək istəyir?
Oqtay Şirəliyev dərman bazarında necə güclənmək istəyir?

Səhiyyə naziri dərmanların qiymətləndirilməsini öz əlinə almağa çalışır

Azərbaycanın dərman bazarı ilə bağlı mübahisələr bitmək bilmir. Bir tərəfdən bazarda keyfiyyətsiz dərmanların artması, digər tərəfdən apteklərlə tibb müəssisələri arasında sövdələşmələr həm vətəndaşlarda narazılığı artırıb, həm də bu bazarın ciddi xaos içərisində olduğu və qanunvericiliyin tələblərinə uyğun tənzimləmələrə ehtiyac duyduğu məcburiyyəti yaradıb.

Yeni məlumatlarda isə dərman bazarında daha bir mübahisəli məqamın ortaya çıxdığı görünməkdədir. Bu, dərmanların qiymətləri ilə bağlıdır. Gələn bilgilərdən belə görünür ki, səhiyyə naziri Oqtay Şirəliyev qiymətlərin müəyyənləşdirilməsini öz əlinə almağa çalışır.
Bu məlumatların doğruluğunu səhiyyə nazirinə yaxın sayılan millət vəkillərindən Musa Quliyevin dünənki açıqlamaları da təsdiqləyir. "Azərbaycanda dərman preparatlarının qiyməti dövlət tərəfindən tənzimlənməlidir. Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi birgə qiymət siyasəti müəyyənləşdirməlidir ki, ölkənin hər yerində eyni dərmanlar bir qiymətə satılsın" deyə Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda satılan dərmanların 98 faizi idxal olunan məhsullardır. Ona görə də onların qiymətlərini tənzimləmək çətin olsa da, mümkündür. Bu, dərmanların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.
M. Quliyev deyib ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı digər yol isə dərmanların pərakəndə satışına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması, ya da tamamilə götürülməsidir: "Bütün dünya ölkələrində dərmanlara əlavə dəyər vergisi ya tətbiq olunmur, ya da ölkə üzrə ümumi əlavə dəyər vergisinin 50 faizindən aşağı məbləğdə tətbiq olunur. Çünki dövlətin büdcəsini xəstə vətəndaşının hesabına doldurması müəyyən qədər mənəviyyat baxımından doğru hesab olunmur. Yəni, dərman hesabına dolan büdcə yenidən xəstə vətəndaşa xərclənirsə, bunun bir mənası yoxdur. Ona görə də bu qiymətlərin tənzimlənməsi vacibdir".
M. Quliyev deyib ki, Azərbaycanda dərmanların topdansatış qiymətlərində əlavə dəyər vergisi götürülüb: "Amma pərakəndə satışda bu vergi qalır. Apteklərdə satılan dərmanlara 18 faiz əlavə dəyər vergisi qoyulur və vətəndaşlara satılır. Topdansatışla yanaşı, pərakəndə satış da əlavə dəyər vergisindən azad olunmalıdır".
Bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklərin edilməsini zəruri hesab edən M. Quliyev onu da bildirib ki, o, bu məsələni Milli Məclisin payız sessiyasında aparılacaq büdcə müzakirəsi zamanı da qaldıracaq.
Hesab etmək çətindir ki, Musa Quliyev belə bir məsələ qaldıracağı təqdirdə bu reallaşacaq. Ən azı ölkənin dərman bazarında aparıcı mövqelərə sahib olan işgüzar çevrələrin dərmanların qiymətləndirilməsinin səhiyyə naziri Oqtay Şirəliyevin iradəsinə tabe etdirilməsinə sıcaq yanaşacağını ehtimal etmək çox çətindir. Mümkündür ki, onlar indiki vəziyyətin öz biznesləri üçün daha sərfəli olduğunu nəzərə alaraq, buna qarşı dirəşəcəklər.
Oqtay Şirəliyevin isə dərman bazarı üzərində təsir imkanlarını artırmaq üçün belə bir istəyə düşməsini təbii qarşılamaq lazımdır. Dərman bazarı hazırda fantastik məbləğlərlə ifadə olunan ciddi gəlir qaynaqlarından biridir və səhiyyə nazirinin bu bazarda mühüm təsiretmə imkanlarına nail olmağa çalışması məhz bu səbəbdən təəccüb doğurmamalıdır.

Ülviyyə Qasımlı