Hər insan həyatı ilə bağlı xəyallar qurur. Müəyyən yaş dövrlərində xəyallar və arzular bir-birini əvəz edir. Onun doğulandan bəri bir xəyalı olub, o da normal ailədə, ata və anasının əhatəsində böyümək. Xəyal özü böyüyüb, amma xəyalları uşaq olaraq qalıb.
Qəhrəmanımızla dağınıq, bir az da tənhalığı xatırladan soyuq yataqxana otağında görüşdük. 33 ilik yalqız, pərakəndə həyatını xatırladan yataqxana otağı...

Unikal.org  APA TV-yə istinadən bildirir ki, Xəyal Tağıyevin həyatı çoxlarının həyatından daha fərqli və hadisələrlə doludur. O, danışdıqca, həyatının epizodları sanki bir filmə tamaşa edirmiş kimi canlanır insanın gözləri önündə. İstər-istəməz düşünürsən ki, 33 illik bir ömrə necə sığıb bu qədər hadisə? Bir bəndə üçün çox deyilmi bunlar - sual edirsən özlüyündə, səssizcə...