24 Avqust 2019
"Dünyanın heç bir ölkəsində telekanal teleserial çəkməklə məşğul olmur"
"Dünyanın heç bir ölkəsində telekanal teleserial çəkməklə məşğul olmur" MÜSAHİBƏ 13:05 2012-07-12

"Dünyanın heç bir ölkəsində telekanal teleserial çəkməklə məşğul olmur"
"Dünyanın heç bir ölkəsində telekanal teleserial çəkməklə məşğul olmur"

Qulu Məhərrəmli: "Azərbaycanda hər yüz tamaşaçıdan yalnız 18-20-si yerli telekanallara baxır"

Azərbaycan teleməkanındakı indiki durumla bağlı suallarımızı tanınmış teleaparıcı, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru Qulu Məhərrəmli cavablandırır.

-Qulu müəllim, Azərbaycandakı telekanalların professionallıq baxımından ümumi səviyyəsi, iş prinsipləri Sizi bir telejurnalist və mütəxəssis kimi qane edirmi?
-Bu sualda qoyulmuş məsələlərin hər biri üçün geniş təhlillər vermək lazımdır. Fikrimcə, bu sualı belə qoysaq, daha uyğun olar: Azərbaycan tamaşaçısı bizim telekanallara baxırmı? Baxırsa, razıdırmı? Razı deyilsə, niyə? Bu kontekstdən yanaşanda bizim telekanalların səviyyəsi son 10-15 ildə xeyli aşağı düşüb. Televiziyalar Azərbaycan tamaşaçısının marağını ifadə eləmir, tamaşaçının dünyagörüşünü artıran verilişlər hazırlanmır, onu maraqlandıran, maarifləndirən verilişlər yox dərəcəsindədir. Ona görə də hesab edirəm ki, bu gün bizim televiziyalarımızda peşəkarlıq məsələsindən danışmaq çox da aktual deyil. Onların tənəzzülə uğramasının səbəblərini araşdırmaq lazımdır. İndiki televiziyaların göz qabağındakı durumu birbaşa nəticədir. Səbəblər həm cəmiyyətdə gedən proseslərin, həm də televiziya siyasətinin yarıtmazlığının nəticəsidir. Bunlardan əlavə, kadr məsələsində, proqram siyasətində yol verilmiş qüsurlardır.
-Bəs təsvir etdiyiniz kritik vəziyyətdən hansı çıxış yolları var?
-Birinci növbədə dövlət büdcəsindən maliyyələşən televiziyalarda güclü islahatlar aparılmalıdır. Tarixlə, mədəniyyətlə, təhsillə bağlı bəzi aktual verilişlər hazırlayır, müzakirələr aparmağa çalışır. Demirəm ki, bunlar yüksək səviyyəli verilişlərdir, amma proqramlarına bir rəng qatmaq istəyir. Palitra yarada bilir. Amma təəssüf ki, digər kanallarda bunların izini də görmürük və onlarda vəziyyəti düzəltməyin yeganə yolu cərrahi müdaxilədir. Qəribədir ki, sözügedən telekanallar özəl televiziyaları yamsılamaq yolunu tutub və ənənəvi proqram siyasətindən xeyli dərəcədə yayınıb. Vəziyyətdən çıxış yolu kimi həm də telekanallarda ciddi şəkildə kadr islahatlarının aparılmasıdır. Telekanalların azadlığı, sərbəstliyi bir qədər də artırılmalıdır. İşi bacaran adamlar irəli çəkilməlidir ki, onlar tam yeni, müstəqil proqram siyasəti ortaya qoya bilsinlər. Çünki bunsuz mümkün olmayacaq. Ənənə var, güclü texniki baza var, müəyyən dərəcədə iş qabiliyyəti olan kadrlar da var, amma bunların yaxşı tamaşaçı marağını təmin edəcək məcraya yönəldilməsi problem olaraq qalır. Hesab edirəm ki, bu məsələlər həll edilməlidir. Yəni, birincisi, telekanallarda yayım siyasəti dəyişdirilməlidir, ikincisi, onlara sərbəstlik verilməlidir, üçüncüsü isə, kadr islahatı aparılmalıdır. Bu üç tədbir kompleks halında görülməsə, nəticə səmərəli olmayacaq. Hesab edirəm ki, bizim telekanallara indi bir az oksigen vermək lazımdır. Məsələn, informasiya proqramları tamaşaçıları qane etmir. Sanki Azərbaycan teleməkanında bir informasiya proqramı var, onu bir yönəldən var, bir rejissura var və bunların hamısı çox aydın şəkildə nəzərə çarpır. Eyni mövzülar, eyni sahələrdən reportajlar və eyni adamlar haqqında reportajlar və s. və i.a. Bu da tamaşaçını sıxır, onu televiziyadan uzaqlaşdırır. Təsadüfi deyil ki, ilkin hesablamalara görə, Azərbaycanda hər yüz tamaşaçıdan yalnız 18-20-si yerli telekanallara baxır, qalanları peyk antenlərinin sayəsində xarici televiziyaları izləməyə üstünlük verir. Bu, danılmaz bir faktdır.
-Bu rəqəm qəzetlərin satış faizinə, təxminən, uyğun gəlir...
-Bu, reallıqdır. Bizdə heç bir statistika gerçəkliyi ifadə eləmir, çünki ölkədə dürüst araşdırma aparan müstəqil sorğu mərkəzləri yoxdur. Reklamla bağlı reytinqlər öyrənilir. Bu zaman hansı kriteriyalardan istifadə edilməsi başqa məsələdir. Amma konkret bir verilişə nə qədər adamın baxdığı, informasiya sahəsində hər telekanalın nə qədər tamaşaçı yığdığı qeyri-müəyyəndir. Heasab edirəm ki, bizim televiziyalara maraq, hər halda, 10-15 il bundan əvvəlki maraq qədər deyil. Yəni internetin meydana çıxması, operativ xəbər portallarının yaranması televiziyaların xəbərçilik işini heçə endirir. Bu gün televiziyalar babat film, serial verməklə vəziyyətdən çıxmağa çalışırlar. Çünki ənənəvi verilişlərə indi heç kim baxmır. İndi xəbər portalları, radiolar, qəzetlər daha aktual mövzulara toxunur və televiziyaya nisbətdə böyük auiditoriya toplaya bilir. Yaxud da facebook-da, ya da tvitter-dəki iştirakçılarla teletamaşaçıların miqdarları arasında yerlə göy qədər fərq var. Bu o deməkdir ki, televiziyalar cəmiyyətin maraqlarını ifadə eləmədiyinə görə, onların xəbər-məlumat mənbəyi olmadığına görə bu dərəcədə biganəliklə üzləşməli olub. Bu vəziyyəti aradan qaldırmaq üçün televiziyalara bir xilas kəməri atılmalıdır ki, onlar indiki durğunluqdan, biganəlikdən, qeyri-peşəkarlıqdan və ətalətdən xilas olsunlar. Bunun başqa yolu yoxdur.
-Teleaparıcılar əcnəbi teleaparıcıları təqlid etməyə çox üstünlük verirlər. Amma Azərbaycanda teleaparıcılığın maraqlı və öyrənilməli ənənələri var...
-Bu imitasiya məsələsi rəhmətlik rejissor dostum Vaqif İbrahimoğlunun bir sözünü yadıma saldı. O deyirdi ki, Azərbaycanda hamı imitasiya ilə məşğuldur. Amma bu imitasiya televiziyada ikiqat, üçqat olduğuna görə daha çox qıcıqlandırıcıdır və diqqəti daha çox çəkir. Əlbəttə, bir televiziyanın başqa bir televiziyadan öyrənmək məsələsində, bəlkə də, qəbahət yoxdur, zəruridir. Amma bütövlükdə yayım siyasətini imitasiya üzərində qurmaq olmaz. Çünki hər bir televiziyanın öz siması, yayım konsepsiyası, öz dəsti-xətti, aparıcılıq üslubu, xəbərçilik prinsipi olmalıdır. Və bunlar kompleks şəkildə ortalıqda olmayanda, təbii ki, kompaksız gəmi okeanda necə ora-bura vurnuxursa, bizim televiziyalar, onların aparıcıları da, təxminən, o vəziyyətə düşürlər. Ona görə də hesab edirəm ki, bu gün ölkədə yaxşı televiziya menecerlərinə, sanballı televiziya rəhbərlərinə, yaxşı prodüserlərə ehtiyac var. Bu gün bizdə televiziyaları idarə edənlər də imitasiya ilə məşğuldur, onların aparıcıları da. Bunun da nəticəsində tamaşaçı itkimiz getdikcə çoxalmaqdadır. Dünya televiziyalarında da ara-sıra belə böhranlar yaşanır. Bu zaman yayım şuraları toplanır və yeni proqramlar yaratmaqla, yeni aparıcılıq prinsipləri müəyyən etməklə vəziyyətdən çıxırlar. Amma bizdəki vəziyyət heç kimi narahat eləmir. Tüstüsü düz çıxan, yəni tənqidi olmayan verilişlər, üzüyola, kölə təfəkkürlü aparıcılar... bax, beləcə, necə deyim, günlərini yola verməklə məşğuldurlar. Belə iş tərzi ilə nə tamaşaçıya, nə dövlətə, nə cəmiyyətə, nə də televiziyaçılığa xeyir vermək mümkündür. Verə bilməzlər də.
-Bizdə xarici teleserialların yayımlanması qadağan edildi və başlayıblar milli teleseriallar çəkməyə. Amma bu serialların səviyyəsi elə telekanallarımızın səviyyəsinə uyğundur. Teleradio Şurasının bu addımı düzgün idimi?
-Xarici teleserialların yayımlanmasının qadağan edilməsi telekanalların yayım siyasətinə birbaşa müdaxilədir və bunun adı senzuradır. Hüquqla yol verilən addım deyil. Mən telekanalların bütünlüklə xarici serialları verməyinin də tərəfdarı deyiləm. Bunun üçün tədrici bir proses lazımdır. Əvvəlcə Azərbaycanda teleserial bazarı formalaşmalıydı, xarici təcrübə öyrənilməliydi. Gözümüzün qabağında Türkiyənin təcrübəsi var, onlardan öyrənmək lazım idi. Bunun üçün daha nə lazım idi? Televiziyaların sərbəstliyi lazım idi. Prodakşnlar, studiyalar yaranmalıdır. Amma təəssüf ki, bizdə bu sahə də monopoliyaya götürülüb. Teleserialların çəkilməsi üçün pul vəsaitləri ayrılır və bu proses çox şübhəli şəkildə aparılır. Bu pullar kimə ayrılır, niyə ayrılır? Dünyanın heç bir ölkəsində telekanal teleserial çəkməklə məşğul olmur. Bizdə isə əksinədir. Təbi ki,bu strukturları inkişaf etdirdikdən sonra teleserialları çəkməyə başlamaq lazım idi. Amma sözügedən qadağa xalqa və cəmiyyətə heç bir fayda vermir. Bizdə qanundankənar televiziyalar var və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Bu cür eybəcər bir şəraitdə telekanallar istənilən özbaşınalığa əl ata bilir. Bunlara isə əhəmiyyət verilmir. Çünki Azərbaycanda vətəndaş cəmiyyəti yoxdur, zəif bir tamaşaçı cəmiyyəti var. Yəni cəmiyyət üzvləri bu telekanalların yaxasından tutub demirlər ki, "Siz maaşlarınızı bizim dövlətə ödədiyimiz vergilər sayəsində alırsınız. Niyə zəif verilişlər hazırlayırsınız?" Bizdə ictimai qınaq sıfır səviyyəsindədir. Belə bir ictimai biganəlik şəraitində də telekanallar öz bildiklərini edir. Televiziyaları idarə edənlər də bunlara göz yumur və ya buna şərait yaradır. Beləliklə, əl əli yuyur, əl də üzü. Nəticədə Azərbaycanda televiziya sənəti, televiziya peşəkarlığı gəlib bu günki günə düşür. Bəsit bir səviyyəyə düşür. Bu, çox acınacaqlı bir haldır.
-Ən mühüm məsələlərdən biri də televiziyalarımızın dilinin çox bərbad günə düşməsidir. Türk və rus dillərindən mexaniki tərcümələr, kalkalardan istifadə, əcaib cümlə və söz birləşmələri, aparıcıların nitq mədəniyyətinin son dərəcə aşağı səviyyədə olması... Axı bizdə bu sahədə də güclü ənənə var idi. Niyə dilə qarşı belə özbaşınalıq yaranıb?
-Mən özüm bu mövzuda iki-üç elmi kitab yazmışam. Bu barədə kifayət qədər kəskin yazılar yazılıb, amma əhəmiyyət verən yoxdur. Çünki, bayaq dediyim kimi, ictimai qınaqla üzləşmirlər. Hansı telekanal olur-olsun, anlamalıdır ki, Azərbaycan dili hamımızın ümumi sərvətidir. Dillə belə davranmazlar. Dilə sayğı ilə, sevgi ilə yanaşmaq lazımdır.

Söhbətləşdi: Savalan