"6 il əvvəl binanın damı sıradan çıxıb və bina qəzalı vəziyyətə düşüb. İcra Hakimiyyətinə şikayət yazılandan sonra gəlib binanın damına qır vurdular. Vəssəlam, o gündən bu yana bir dəfə də olsun ki, gəlib heç bir iş görməyiblər. 5 gün əvvəl mənzilimdə tavan dağılıb. Zəng etmişdim FHN-ə ki, gəlib baxsınlar. Mənə bildirildi ki, komissiya göndəriləcək və gəlib mənzildəki vəziyyətə baxacaqlar. Ancaq 5 gündür ki heç kim gəlməyib".

Unikal.org xəbər verir ki, bunu Baku.ws-in əməkdaşı ilə söhbətində Zığ şosesi 27 ünvanında yerləşən sakin Alina Mendoza söyləyib. Narazı sakin deyir ki, bir neçə quruma müraciət edib məsələnin həlli üçün cəhd edib:

"Tavan çökən günü az qalsın bədbəxt hadisə olacaqdı. Tavandan qopan gips parçaları 9 yaşlı oğlumun yatdığı çarpayıdan 30 sm. kənara düşüb. FHN-dən deyirlər ki, evdən çıxın və başqa bir yerdə yaşayın. Onlara deyirəm ki, axı mənim buna imkanım yoxdur. Onlar bizə gözləməyimizi məsləhət gördülər. Bu evlər 90 il əvvəl istifadəyə verilib. Müvəqqəti istifadəyə verilən mənzillər artıq 50 ildir ki, istismar müddətini başa vurub".

A.Mendozanın sözlərinə görə, İcra Hakimiyyətindən də gəlib deyirlər ki, evləri təmir edib yaşayın:
"Mən onları deyirəm ki, bu evlər müvəqqəti yaşayış üçün tikildiyi üçün təmir etmək mümkün deyil. Bununla yanaşı, bina qəzalı vəziyyətdə olduğu üçün təmir etmək alınmır. Binanın fundamenti zərər görüb. Magistral yoldan iritutumlu yük maşınları keçəndə biz bunu evdə hiss edirik. Binanın fasadına plastik lövhələr çəkilib ki, yoldan keçən vəzifəli şəxslər bu biabırçı görüntünü görməsin. Bizə deyirlər ki, İslam Oyunları və Formula 1 yarışları keçirilir və buna görə də büdcədə pul yoxdur. İH-dən deyirlər ki, sizin mənzillərin sökülməsi məsələsinə 2018-ci ildə baxılacaq. Mən başa düşə bilmirəm ki, mənim evimin qəzalı vəziyyətdə olmasının idman yarışları ilə nə əlaqəsi var. Hər an təhlükə altındayıq. Bir an içində bina başımıza uça bilər. Ancaq heç bir qurum gəlib bizim problemimizi həll etmir".