Vahid Əhmədov Ayaz Mütəllibova komanda yığır
Vahid Əhmədov Ayaz Mütəllibova komanda yığır

Deputat eks-prezidentin tərəfdardarlarını bir araya gətirəcək

Ötən ayın sonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun siyasətdən getdiyi açıqlandı. Həmin vaxt bunu açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə demişdi.

O bildirmişdi ki, partiyanın həmsədri, keçmiş prezident Ayaz Mütəllibov partiyanın rəhbərliyi vəzifəsindən getməsinə dair qərar qəbul edib. Bu açıqlamadan bir qədər sonra isə Ayaz Mütəllibov mühacirətdə olduğu Rusiyadan geri qayıtdı və ömrünün qalan hissəsini 12 ilə yaxın həsrətində olduğu vətənində yaşayacağını bildirdi. Qeyd edək ki, ilk prezidentin vətənə dönüşü eks-prezidentlər haqqında qanunun qəbulu sayəsində mümkün olmuşdu.
Mütəllibovun siyasətdən getmək qərarı ictimai-siyasi aktiv kəsimlərdə birmənalı qəbul edilmədi. Bunu təqdir edənlər qədər, tənqid edənlər də tapıldı. İkincilər ilk prezidentin siyasi fəaliyyətinə son verməsini doğru saymadılar və Azərbaycanın taleyi ilə bağlı məsələlərdə fəal iştirakının düzgün olacağını vurğuladılar.
Bir başqa qrup insan isə Ayaz Mütəllibovun siyasətdən birdəfəlik getdiyinə inanmır və hesab edirlər ki, bu, ilk prezidentin ölkəyə döndüyü ilk vaxtlardan üzərinə hansısa təzyiqlər, basqılar çəkmək istəməməsi ilə əlaqədardır. Onlar hesab edirdilər ki, Ayaz müəllim Azərbaycana tam adaptasiya olduqdan, ölkə reallıqları ilə yaxın tanışlıqdan və mövcud ictimai-siyasi vəziyyəti dərindən təhlil etdikdən sonra yenidən siyasi fəaliyyətə başlamaq qərarını elan edə bilər.
Elə keçmiş prezidentin xeyli sayda tərəfdarının da gözləntisi bu yöndədir və onların qarşıdakı aylarda bu mövzu ilə bağlı Ayaz Mütəllibovla görüşlərə, müzakirə və məsləhətləşmələrə başlayacağı istisna olunmur. Tamamilə mümkündür ki, bu müzakirələr və məsləhətləşmələr zamanı tərəfdarları Azərbaycanın ilk prezidenti 2013-cü il prezident seçkilərinə ən azı 6 ay qalmış siyasi fəallığa başlamağa razı salsınlar.
Bu günlərdə isə mətbuatda maraqlı bir açıqlama vardı, ilk baxışda bu açıqlama çox adi qarşılandı və diqqət çəkmədi. Amma bəzi kulislərdə həmin açıqlama ilə bağlı fərqli yozumların ortaya çıxdığına dair duyumlar almışıq.
Söhbət millət vəkili, Ayaz Mütəllibova yaxın adamlardan sayılan və onun komandasında təmsil olunmuş Vahid Əhmədovun mətbuata açıqlamasında sabiq prezidenti Bakıda ziyarət edəcəynə dair sözlərindən gedir. Xatırladaq ki, hörmətli
Əhmədov “Eks-prezidentlər haqda” Qanunun qəbuluna və A.Mütəllibovun ölkəyə dönməsinə müsbət yanaşdığını söyləmiş, əlavə etmişdi ki, A. Mütəllibovla münasibətləri olub: “Zavod direktoru vəzifəsində çalışdığım vaxtdan Ayaz Mütəllibovla münasibətlərim olub, ona həmişə hörmətlə yanaşmışam. Ona baş çəkib xoş gəldin deyəcəyəm. Burada qeyri-adi heç nə yoxdur”.
Amma bəziləri hesab edirlər ki, bu ilin martındakı məlum Quba hadisələri zamanı kifayət aktiv iştirak, arzuolunmaz prosesin yatızdırılmasında fəallığı ilə seçilən Vahid Əhmədov sonradan özünə yaxın bəzi şəxslərin sözügedən olaylar əsas gətirilərək “vurulması”ndan incik düşüb. Bundan başqa, həmin hadisələrlə bağlı həbs edilənlərdən onun özünə qarşı ifadə alınması təşəbbüsləri (bu barədə ölkə mətbuatı kifayət qədər yazıb və millət vəkili tərəfindən də hər hansı formada birmənalı təkzib açıqlaması gəlməyib) də millət vəkilində hökumətə qarşı etimadsızlıq, qırğınlıq yaradıb. Həm bütün bunlar, həm də bütün bunlardan başqa, Vahid müəllimin özünün də qeyd etdiyi kimi, Ayaz Mütəllibovla normal münasibətləri və ona bəslədiyi hörmət, eks prezidentin komandası ilə yaxşı əlaqələri onun Azərbaycanın ilk dövlət rəhbəri ilə yenidən bir araya gəlməsini zərurətə çevrilib.
İstisna edilmir ki, Vahid Əhmədov Ayaz Mütəllibovun tərəfdarlarının toparlanması və onun komandasının bir araya gətirilməsində əsas funksiyanı üzərinə götürə bilər. Elə onun ilk prezidentlə görüşündə bu məsələlərin, ümumilikdə isə 2013 seçkiləri ilə əlaqədar Ayaz Mütəllibovun siyasi perspektivinin müzakirə ediləcəyinə inananlar da hədsiz çoxdur.
Hesab etmək olar ki, bir neçə aydan sonra bu gün yazdıqlarımızda həqiqət payının nə qədər olduğu daha aydın bilinməyə başlayacaq. Bir sözlə, kulislərdə dolaşan iddialardakı doğruluq çəkisinin nə qədər olduğunu ən qısa zaman kəsiyində birlikdə görəcəyik.

Azər Aslan