Prezident müxalifətə dəstək olan qüvvələrə mesajını verdi
Prezident müxalifətə dəstək olan qüvvələrə mesajını verdi

Seçki öncəsi korrupsiyaya qarşı mübarizə güclənəcək

Prezident İlham Əliyev son açıqlaması ilə cəmiyyətə marraqlı mesaj verdi. Bu açıqlama həm də ona görə maraqlı idi ki, qarşıdan prezident seçkiləri gəlir və verilən bəyanatlar gələcək siyasi kursun mahiyyətini ortaya qoya bilərdi. Prezidentin açıqlamasında önəmli olan iki məqam var idi. Bunlardan birincisi korrupsiyaya və rüşvətə yönəli açıqlama idi. Prezident açıqlamasında bildirdi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır:-“ İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır.

Bu mübarizə davam etdiriləcəkdir. Mən bir daha demək istəyirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir”. Prezident bununla bir daha təsdiqləmiş oldu ki, seçki öncəsi korrupsiyaya qarşı mübarizə daha da sərtləşəcək və buda öz növbəsində kadr islahatları ilə müşahidə olunacaq. Ekspertlər bildirir ki, son bir neçə ay ərzində müşahidə olunan maraqlı detallardan biri budur ki, sanki hakimiyyət məmurları cəmiyyətin müzakirəsinə buraxıb. Bununla bir tərəfdən ölkədə demokratik mühitin yaranmasına cəhdlər edilir, bu biri tərəfdən isə cəmiyyəti narazı salan güclər zərərsizləşdirilir. Ekspertlər hesab edir ki, seçki öncəsi hakimiyyət əhalinin rəğbətini daha da qazanmaq üçün kadr islahatlarını daha açıq şəkildə həyata keçirəcək. Dövrü mətbuatda dərc olunan yazıların monitorinqini aparsaq aydın olur ki, bu gün cəmiyyəti narazı salanlar Əsasən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Təminat Nazirliyi,Təhsil Nazirliyi,Səhiyyə Nazirliyi və Əmlak məsələləri Dövlət Komitəsidir. Ehtimal edilir ki, yaxın vaxtlarda bu istiqamətdə ciddi işlər həyata keçiriləcək. Prezident İlham Əliyevin çıxışındakı ikinci mühüm məqam müxalifətlə bağlı oldu. Gəlin öncəliklə açıqlamadan müəyyən detallara baxaq və bundan sonra ekspert rəylərini diqqətə alaq. “Bakıda keçirilmiş “Eurovision” müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, “Eurovision”un tarixində heç vaxt siyasi məqamlar olmamışdı”.Bunu prezident İlham Əliyev bəyan etdi.
Prezident həmçinin qeyd edib ki, “İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar”.
İlham Əliyev müxalifətin aksiyalarına da toxunub. “”Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdi. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr”.Prezident İlham Əliyevin açıqlamasında mühüm məsələ heç də müxalifəti sərt tənqid etməsi olmadı. Çünki açıqlamasında da göründü ki, president müxalifətə alternative qüvvə kimi baxmır və seçkilərdə onlar İlham Əliyevə rəqib ola bilməyəcəklər. Əslində president bu açıqlama ilə kənardan müxalifəti idarə etməyən güclərə mesajını verdi.Həqiqətən də müsabiqə öncəsi Avropada müəyyən qüvvələr aktivləşdi və sözün həqiqi mənasında çətin anlar yaşandı. Həmin vaxt president çıxış edərək açıq şəkildə bildirdi ki, bu qüvvələr sadəcə Azərbaycana təzyiq edərək üstünlüklər qazanmaq istəyən qüvvələr və erməni lobbisidir. Çox təssüflər ki, həmin vaxt müxalifət məhz bu güclərlə əməkdaşlığa getdi və demək olar ki, ölkədə az qala şou yaradıldı. Amma hakimiyyət məsələlərə daha soyuqanlı yanaşdı və hadisələrin qarşıdurma həddinə çıxmasına imkan vermədi. Digər tərəfdən aydın oldu ki, həmin vaxt radikal terror təşkilatları da Azərbaycana qarşı yönəlib və bir neçə gün ərzində hüquq-mühafizə orqanları 50-dən çox terrora bağlılığı olan şəxsi həbs edib, hətta prezidentə qarşı təşkil olunan sui-qəsdin qarşısını ala bildilər. Prezident son açıqlamasınfa bird aha bunlara işare etdi və açıq şəkildə bildirdi ki, istifadə etməyə çalışdıqları müxalifət o gücdə deyil.
Mehdi Əli