Vahid Makedoniya uğrunda hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı (SDİ) təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident ötən axşam etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən sonra baş verib. Qeyd edək ki, alban milli azlığı təmsil edən partiyanın rəhbəri Tələt Cəfəri dekabrın 11-də keçirilən səsvermənin nəticələrinə əsasən Makedoniya parlamentinin sədri seçilib.

Səsvermənin nəticələri elan edildikdən sonra parlament qarşısında piket keçirən "Vahid Makedoniya uğrunda hərəkatın fəalları binaya daxil olaraq Sosial-Demokratik İttifaqından seçilən deputatlara hücum ediblər.

Bundan əvvəl Zoran Zayev ölkə prezidenti George İvanova parlamentdəki 120 deputatdan 67-nin imzasını təqdim edərək, yeni nazirlər kabinetinin formalaşdırılması üçün ona müvafiq mandatın verilməsini xahiş edib.

Prezident G.İvanov dünya liderlərinə ünvanladığı açıq məktubda bildirib ki, onun məlumatına görə, SDİ-nin platformasının icrası ölkə konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur. Prezident qeyd edib ki, istisna olaraq alban milli azlığın maraqlarına cavab verən bu dəyişikliklər, dövlətin unitarlığını və suverenliyini təhlükə altına salır. G.İvanov bu səbəbdən Zayevə mandat verməkdən imtina edib.

Qeyd edək ki, insidentdən baş verdikdən sonra Makedoniya DİN-nin xüsusi təyinatlı dəstəsi "Vahid Makedoniya uğrunda hərəkatın fəalları tərəfindən parlament binasında saxlanılan deputatları azad etmək üçün xüsusi əməliyyat keçirib.

"Vahid Makedoniya uğrunda hərəkat ölkənin onlarla şəhərlərində alban platforması əleyhinə etiraz aksiyaları keçirib.
makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler