Səlim Müsümov kimlərin bostanına daş atdı?
Səlim Müsümov kimlərin bostanına daş atdı?
DSMF sədri ikili mühasibatlıq sistemindən danışdı: "Bəzi müəssislər əməkdaşlarının əmək haqlarını gizlədirlər"

"Bəzi müəssislər əməkdaşlarının əmək haqlarını gizlədirlər". Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov söyləyib.
Səlim Müsümov təəssüflə deyib ki, bu gün ölkəmizdə ikili mühasibatlıq sistemi hələ də qalmaqdadır: "Yəni hər hansısa bir müəssisə rəhbəri işçilərinə 500 manat verirsə, az vergi ödəməsi üçün bunu sənəddə az miqdarda göstərirlər. Bu məsələ ilə bağlı müvafiq qurumlar mübarizə aparırlar. Təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb".
Müslümov əlavə edib ki, hazırda Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əməkhaqlarının gizlədilməsinə qarşı dövlət səviyyəsində ciddi tədbirlər hazırlanır. Onun sözlərinə görə, DSMF bu sahəni ciddi araşdıraraq görüləcək tədbirlərlə bağlı təkliflər hazırlayıb və bu təkliflər yaxın günlərdə dövlət başçısına təqdim olunacaq. Bu təkliflərə əsasən "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlara və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi nəzərdə tutulur.
S.Müslümov qeyd edib ki, əsas dəyişiklik sahələr üzrə minimum əmək haqqı fondunun tətbiq olunması və hazırda 25% həcmində olan məcburi dövlət sosial sığorta haqqının işçi və işəgötürən arasında bölünməsi qaydasının dəyişməsindən ibarətdir: "Belə ki, minimum əməkhaqqının 3 misli həcmində (300 manata qədər) maaş alan işçilər üçün məcburi dövlət sosial sığorta haqqının hamısını işəgötürən şirkətin ödəməsi təklif olunur. Təkliflərimiz qəbul olunarsa, 300 manatdan 2000 manata qədər maaş alan işçilər üçün 18%-ni işəgötürən, 7%-ni işçi ödəyəcək. 2000 manatdan çox maaş alan işçilərdə isə məcburi dövlət sosial sığorta haqqının 10%-ni işçi, 15%-ni isə işəgötürən ödəyəcək".
DSMF sədrinin fikrincə, bu qaydanın tətbiq olunması işəgötürənləri işçilərə daha yüksək maaş ödəməyə həvəsləndirəcək: "Çünki maaş artdıqca, məcburi dövlət sosial sığorta haqqının çox hissəsini işçi ödəyəcək".
Təkliflərin ikinci istiqaməti sahələr üzrə minimum əməkhaqqı fondunun tətbiqi olacaq. Bu qaydaya əsasən, ölkədə ayrı-ayrı sahələr üzrə əməkhaqqı fondunun minimum həcmi müəyyən olunacaq: "Əgər şirkətdəki əməkhaqqı fondu minimum həddən aşağı olarsa, şirkətin göstərdiyi rəqəmlər yox, minimum hədd nəzərə alınacaq. Məsələn, tikinti şirkəti üzrə minimum əməkhaqqı fondu 20% müəyyən olunubsa və şirkət bunu 15% göstəribsə, sosial sığorta ödəmələri 20%-lə tutulacaq. Buna oxşar təcrübə bir qədər fərqli formada artıq qonşu Türkiyədə tətbiq olunur".
S. Müslümov Azərbaycanın bu sahədə Türkiyənin təcrübəsindən istifadə etmək niyyətində olduğunu bildirib: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki (srağagünki - red.) iclasında qeydiyyata alınmayan məşğulluğun qısa müddət ərzində aradan qaldırılması barədə ciddi tapşırıqlar verib".

Ülviyyə Qasımlı