ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev Goranboy rayonu Tapqaraqoyunlu kəndindən son məlumatları çatdırıb. Bildirib ki, onun hazırda dayandığı yer - təmas xəttində sonuncu binadır. Bura Ermənistan mövqe xəttinə çox yaxındır. 
Vahid Mustafayev bildirib ki, Azərbaycan tərəfinin atəşkəs elan etməsinə baxmayaraq, ermənilər səhər saat 06:00-dan başlayaraq atəşi yenidən bərpa edib. Onlar müxtəlif çaplı artilleriya qurğularından, haubitsa və toplardan istifadə edərək Tapqaraqoyunlu kəndini atəşə tutub. Elə çəkiliş aparılan zaman da erməni silahlı qüvvləri  növbəti dəfə atəş açıblar. Jurnalistlərin çəkiliş apardığını görən ermənilər onları da hədəfə alıblar. Bütün bunlara baxmayaraq kənd camaatı yaşayış yerlərini tərk etməyib həyatlarına davam edirlər. Kənd sakini Elşən Nəsibovun sözlərinə görə, axşamdan başlayan atışma səhərə daha da güclənib. "Dünən atəşkəs elan ediləndən sonra ordumuz 3 saat ərzində atəş açmadı. Lakin ermənilərin durmadan mövqelərimizi atəşə tutmasından sonra ordumuz düşmənə layiqli cavabı verib", - deyə Elşən Nəsibov bildirib.
V.Mustafayev ermənilərin atdığı mərmilərin düşdüyü yerləri də nümayiş etdirib. "Onların minatanlardan atdığı mərmilər bir növ köhnə və yararsızdır. Bu mərminin atılan zaman 4 ədəd pərəsinin açılması lazımdır. Lakin gördüyünüz bu mərmidə açılan pərələrin sayı ikidir. Bu, o deməkdir ki, onların istifadə etdiyi avadanlıq çox köhnədir", - deyə telereportyor əlavə edib.