Azərbaycanda yeni bahalaşma dalğası
Azərbaycanda yeni bahalaşma dalğası
Soğanın, unun, qoyun ətinin və balığın, südün qiyməti artdı

Dövlət Statistika Komitəsi iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Dövlət Statistika Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, iyun ayında ərzaq məhsullarının qiymətlərinin 2,7 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,3 faiz ucuzlaşmasına səbəb olub.
Ay ərzində ərzaq məhsullarından düyünün, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, əriyin, qarpız və yemişin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı iyun ayında unun, mal ətinin, yumurtanın, şabalıdın, limonun, naringinin, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma da müşahidə olunub.
Konkret rəqəmlərlə danışmalı olsaq, görürük ki, iyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,9 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,8 faiz, kartofun 0,9 faiz, baş sarımsağın 2,6 faiz, xiyarın 5,6 faiz, pomidorun 8,2 faiz, badımcanın 12,7 faiz, bibərin 3,4 faiz, kələmin 15,1 faiz, yaşıl lobyanın 0,7 faiz, göyərtilərin 1,9 faiz, yoncanın 6,7 faiz, quru otun istehsalçı qiymətləri 5,2 faiz ucuzlaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 1,2 faiz, əriyin 7,5 faiz, alçanın 9,0 faiz, fındığın istehsalçı qiymətləri 2,3 faiz ucuzlaşıb, limon və çiyələyin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,6 faiz və 1,0 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından inək və camışın istehsalçı qiymətləri 2,0 faiz, 1 yaşadək quzunun 1,3 faiz, mal, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 0,5 faiz, 15,7 faiz və 3,6 faiz, qırxılmış yuyulmamış yunun 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 5,6 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində 1 yaşdan yuxarı şişəyin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, inək və camış südünün müvafiq olaraq 5,1 faiz və 0,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri isə 7,6 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz bahalaşma müşahidə olunub.
Sənan Mirzə