FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkə tapmaqda çətinlik çəkir.

Unikal.org-un məlumatına görə, hazırda quruma sadəcə bir müraciət daxil olub.

Belə ki, bu vaxta qədər yalnız ABŞ, Kanada və Meksika ortaq ev sahibliyi üçün müraciət edib. Ali futbol qurumu isə ev sahibliyi etmək istəyən ölkələrin avqustun 11-nə qədər vaxtı olduğunu elan edib.

Hələlik başqa bir namizəd olmadığı, yalnızca Mərakeşin müraciət edəcəyi haqqında xəbərlər dolaşır.

Maraqlıdı ki, heç bir ölkənin ev sahibliyində könüllü olmamasının əsas səbəbi kimi FİFA-nın tətbiq etdiyi rotasiya sistemi göstərilir. Belə ki, qarşıdakı birincilik - DÇ-2018 və növbəti çempionat DÇ-2022 uyğun olaraq Rusiya və Qətərdə, yəni Avropa və Asiyada keçiriləcəyindən bu qitələrdən namizədlər qəbul olunmur. Ancaq deyilənə görə, ali futbol qurumu bu qərarını dəyişdirmək üzərində düşünür.

Qeyd edək ki, ilk dəfə 48 komanda ilə təşkil olunacaq DÇ-2026 üçün namizəd olan ABŞ 60, Meksika və Kanada isə hərəyə 10 oyuna ev sahibliyi etməyi öz üzərinə götürüb. Yekun qərar 2018-də Moskvada təşkil olunacaq FİFA konqresindəki səsvermə ilə bəlli olacaq.