"İrandakı rejim dilemma qarşısındadır. Bir tərəfdən hər yerdə şiə-müsəlman həmrəyliyindən danışırlar, məhz bu amilə görə Əsəd rejiminə dəstək verirlər, ancaq bizə gəldikdə demirlər ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmalıdır. İranın Xarici İşlər Nazirliyi Belarus Xarici İşlər Nazirliyi qədər də deyil. Səbəbi bəllidir, bu haqda çox danışlıb, çox yazılıb. Hələ bu harasıdır, bu gün səhər güneyli fəallardan biri ilə əlaqə saxladım. Mənə dedi ki, cəbhə bölgəsində vəziyyət gərginləşən kimi İrandakı əsas televiziya kanalları, radio və mətbuat anti-Azərbaycan ritorikasını artırıb".
Unikal.org xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu facebook səhifəsində qeyd edib. 
 
"Ən maraqlısı odur ki, molla rejiminə qatı müxalif olan şah rejiminin Amerika və Avropadakı törəmələrinin də anti-Azərbaycan ritorikası artıb. Onların nəzarətindəki media da xaricdən Azərbaycan əleyhinə verilişlər yayınlayır. Maraqlıdır ki, "Amerikanın Səsi"nin və "BBC"nin fars dilindəki redaksiyaları da cəbhə bölgəsindəki durumla bağlı xəbərlərində anti-Azərbaycan siyasətə köklənib.

Güneyli soydaşımdan müsbət tendensiya haqqında faktlar da eşitdim. Birincisi, Güney Azərbaycan şəhərlərində Şimali Azərbaycanda olduğu kimi böyük ruh yüksəkliyi yaranıb. İkincisi, İrandakı ərəb mənşəli fəallar Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını açıqlayıblar. Əlbəttə, İrandakı azərbaycanlılar içərisində hər cürü var, hətta rejimin qatı tərəfdarları az deyil, ancaq onlar da vicdanlarının səsinə qulaq asmalıdırlar. Təsadüfi deyil ki, İran parlamentində Azərbaycan əyalətlərindən seçilən deputatlar Azərbaycana dəstək çıxışları edirlər. Bilmirəm, bəlkə də çox optimistəm, ancaq İranın ali dini lideri, milliyətçə azərbaycanlı olan Xameneyinin Cümə xütbələrindən birində gur səslə "Ermənistan işğal etdiyi müsəlman torpaqlardan qoşunlarını çıxartmalıdır" deyəcəyini gözləyirəm".