Bu gün Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək etmək üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasında qan veriblər.
Unikal.org-a verilən məlumata görə, qanvermə aksiyasında ATU-nun 400-ə yaxın müəllim-professor heyəti və tələbələri iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etməkdir. 
Aksiyanın əvvəlində çıxış edən ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev bildirdi ki, ordumuzun əldə etdiyi nailiyyətlər bütün xalqımızda olduğu kimi, ATU kollektivində də ruh yüksəkliyinə səbəb olub: 
"Tələbələr qrup halında müraciət edərək Silahlı Qüvvələrimizə yardım etmək istədikləri deyirdilər. Hətta onlar vuruşmaq üçün ön cəbhəyə yollanmaq arzusundadırlar. Çox təqdiredici haldır ki, xalqımız bu nailiyyətlərə böyük əzmkarlıqla yanaşaraq, həmrəylik,  birlik nümayiş etdirdi. Hətta şəhid valideynləri bu yüksək şəhidlik zirvəsinə ucalan övladları üçün "Vətənin başı sağ olsun" dedilər. Bu məsələdə hamılıqla –həm gənc nəsil, həm də yaşlı nəsil Prezidentimizə dəstək oldular. Çünki bilirik ki, prezidentin rəhbərliyi ilə aparılan bu siyasət gələcəkdə daha böyük uğurların əsasını qoyacaq". 
S.Əliyev qeyd etdi ki, hərbi əməliyyatlar dövründə Tibb Universitetində bir neçə tədbir keçirilib. 700 nəfərin iştirakı ilə fövqəladə toplantı çağırılıb. Bundan əlavə, 3 mindən çox tələbənin iştirakı ilə dəstək aksiyası keçirilib. Bu dəfə isə ATU tələbələri və kollektivi qan toplamaqla ordumuzun yanında olduqlarını nümayiş etdirdilər. 
Aksiyada 400-ə yaxın universitet əməkdaşı, professor-müəllim heyətinin üzvləri, tələbə və rezidentləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə müayinədən keçiblər. Lakin təhlillər zamanı iştirakçılardan bəzilərində müəyyən problemlər çıxdığına görə, onların qan verməsi məsləhət görülməyib. Beləliklə, bu saatda olan məlumata görə, 150-dən çox insandan qan götürülüb. Aksiya gün ərzində davam edəcək.