24 Avqust 2019
“Allaha Hitler kimi baxırlar”
“Allaha Hitler kimi baxırlar” MÜSAHİBƏ 12:35 2012-07-14

“Allaha Hitler kimi baxırlar”
“Allaha Hitler kimi baxırlar”

“Şeytan, əslində, sənin fikirlərindir”

Müsahibimiz tanınmış ziyalı, fəlsəfə və psixologiya sahəsində elmi fəaliyyətlə məşğul olan,Asif Atanın həyat yoldaşı Raya Əfəndiyevadır.

- Raya xanım,bu gün cəmiyyətdə bir aqressiya hiss olunur. Sizcə, bu aqresiyanın artması nə ilə bağlıdır?
-Aqressiyanın artma səbəbinə toxunmaq üçün məsələyə bir az geniş formatdan yanaşmaq lazımdır. Çünki bu məsələ ümumi bir prosesdir və burada bir çox məqamlar nəzərə alınmalıdır. İlk növbədə bu aydındır ki, heç bir insan bilmir ki, dünyaya nəyə görə gəlib? Bu dünyada onun missiyası nədən ibarətdir, o kimdir və nə etməlidir? Hazırda belə bir təsəvvür yaranır ki, elə bil dünyaya ona görə gəlmişik ki, yeyək, içək, yataq, artım edək. Bu heyvanlarda belədir. Onlarda bu dünyaya yemək, içmək və artım üçün gəlib. Onlar da insanlar kimi övladını sevir, qoruyur və bu artıma həssas yanaşır. Amma bu belə deyil. Digər tərəfdən qeyd edim ki, istər insanlar, istərsə də heyvanlar dünyaya çox pak gəlir. Tam təmiz beyinlə dünyaya gəliş və dünyaya təmiz baxışla baxma mərhələsi yaşanır. Bundan sonra isə təlim-tərbiyyə, əxlaqi normalar, dini normaları, bunların hamısı tətbiq olunur və insan beynini məhdudlaşdırır. Yəni özümüz üçün müəyyənləşdirdiyimiz qaydalar və qadağalar olur. Bu qadağalar əslində insan beyninin tam inkişafına həm də əngəl törətmək üçündür. Bu qadağalar şüurun ikinci plana keçməsi deməkdir. Qeyd edim ki, gördün, görmədin, eşitdin, eşitmədin, hətta yatanda belə insan beyni hər şeyi yazır, hər şeyi qoruyub saxlayır. Amma bunu saxlamaq mümkün deyil. Beləcə bir tərbiyə forması yaranır. Səni ya şirnikləndirib çərçivəyə salırlar, ya da qorxutmaqla, cəza ilə bunu edirlər. Nəticədə həm də insanın ən böyük yanlışlığı ortaya çıxır. Belə ki, insanın şüurunu artıq təfəkkürü əvəz edir. Amma anlamırlar ki, təfəkkür yalnız bu dünya üçün lazımdı, oxuduğumuz kitablar, elmi əsərlər bu dünya ilə məhdudlaşır. Biz elə bilirik ki, bilik hər şeydir. Amma təfəkkür o biri dünya üçün heç nədir. Bu biliklərlə insan sadəcə aciz bir məhfuma çevrilir. Şüur isə tamam başqa bir şeydir. Bax, indi Allahdan danışırıq. Belə bir fikir formalaşıb ki, Allah hansısa formadadır və bütün günü polis kimi bizi güdür. Ancaq qəbul etmək istəmirik ki, əslində Allah formadan, formaya keçid edən enerjidir. Amma bizim formadan söhbət getmir. Deyirik ki, şeytan var. Yoxdur şeytan. Şeytan əslində sənin fikirlərindir. Deyirik ki, şeytan məni yoldan çıxartdı. Halbuki sən öz fikrinlə bu yola gəlib çıxıbsan, deməli, şeytan sənin düşüncəndi. 112 texnika var bunlardan qurtulmaq üçün. Sufilərdə də, Buddada da, Daoda da bu texnikaların bəziləri olub. Elə götürək Nəsimini. “Məndə sığar iki cahan, mən bu cahana sığmaram”.O, burada hansı cahanları deyirdi? O, bir gördüyümüz cahanı, bir də görünməz cahanı. Amma biz o qədər təlim-tərbiyəyə, cəmiyyətə alüdə olmuşuq ki, o biri aləmdən, daxilimizdən xəbərimiz yoxdur. Hətta ondan qorxuruq. Amma bu öz ruhumuzdur, enerjimizdir. İnsan öləndə nə baş verir? Məhz o enerjini, ruhu itiririk. Və beləcə hər şeyi görən, eşidən ruh bədəndən çıxanda isə çaşqın duruma düşür. Çünki, Asif Ata demişkən, Ruh bədənsiz, bədən isə ruhsuz yaşaya bilmir. Bunu da son zamanlar iddia olunur ki, ruh dənizdə əmələ gəlib. Hətta bunu ana bətnində böyüyən uşaqla da müqayisə edirlər. Görürsünüz, ana hamilə olanda gah duzlu yemək istəyir, gah torpaq yeyir. Beləcə mərhələləri keçir.
-Bəs Asif Atada bu texnikalardan hansısa var idimi?
-Yox.O, Moskvada təhsil almışdı. Bəlkə, orda nə isə görmüşdü. Əslində ilk vaxtlarda mən Asif Atanı olduğu kimi başa düşə bilmirdim.
-Bu mövzuya yenə qayıdarıq. Amma o texnikalar çox maraqlı oldu...
-Bilirsiniz. Namaz qılmağın özüdə bu texnikalardan biridir. Amma namazı indikilər kimi qılmaq düz deyil. Ağız “Allah, allah” deyir, beyin “halva, halva” düşünür. Bir dəfə biri gəlir Molla Nəsrəddinin yanına ki, bəs mənə namaz qılmağı öyrət, bu atımı sənə hədiyyə edəcəyəm. Molla baxır ki, at çox gözəl atdır və buna görə razılaşır. Molla namaz qılır, o biri isə buna baxır. Tamamlanandan sonra həmin adam mollaya deyir ki, tək bir sualıma da cavab ver, at sənindir. Molla yenə razılaşır və o soruşur ki, namaz qılanda nə fikirləşirdin. Molla deyir ki, Allahdan gizlin deyil, səndən niyə gizlədim? Fikirləşirdim ki, görən atı verəndə üzərindəki qızıl yəhəri də mənə verəcəksənmi? Bax, bu gün insanlar namazı belə qılır. Düşüncə başqa, hərəkət tamam başqa. Amma namaz odur ki, ruhun özündən çıxsın. İnanın, bir saniyə beyni dayandırsan çox sirləri anlayar,başqa bir dünyaya keçərsən. İnanın, insan onda qarışqanı da, ağacı da başa düşərsən. Çünki onda enerji mübadiləsi olur. Çox böyük ehtimal ki, Asif Ata bu mərhələni də keçmişdi.
-Asif Ata bəs o yolu tamamlaya bildimi?
-Bilirsiniz, Asif Atanın kitablarını onun davamçıları yığıb apardı. Amma inanın onlar o kitablardan heç nə başa düşmürlər, heç nə anlamırlar. Başa düşürsünüzmü, dərk etmirlər. Onun mahiyyəti başqadır, o fikirlərin arxasında başqa aləmlər durur. O zamanlar məndə Asif Atanı başa düşmürdüm. Amma artıq ciddi maraqlanmağa başlamışdım. Fəlsəfi, psixoloji kitabları oxuyurdum və görürdüm ki, bu kitabların əksəriyyətində insan bir kənarda saxlanılırdı. Amma günlərin biri əlimə Oşonun kitabı düşdü. İnan, kitabların içində elə bil kitabın özü onu götürməyimi istədi və o kitabı oxudum. Və bu kitabı oxuyandan sonra mənim aləmim tamamilə dəyişdi. Sonradan Asif Atanın kitablarını oxudum və gördüm ki , Oşo ilə Asif Ata əslində eynidilər. Və anladım ki, bu insanlar nurlanmış insanlardır. Bu insanların özünə məxsus təkrarolunmaz dilləri var. Amma Asif Atanın dili çox mürəkkəbdir. Amma onları oxuyanda artıq bulaq kimi axır insan. Amma bu gün Asif Atanın davamçıları bir-birini qırırlar, elə bil ki, bazardadılar. Bu isə yorucudur, bu özündə müştəbehlik yaratmaqdı. Anlaya bilmirəm, bu fikirləri Asif Ata deyib, siz niyə özünüzdən müştəbeh olursunuz? Bu gün Asif Atanı müdafiə etməyə ehtiyac yoxdur, gücünüz çatır kitablarını çap etdirin. Nə qruplar yaradırsınız, bu qruplar lazım deyil axı. Asif Atanın davamçısı kimi özünü təqdim etmək lazım deyil. Çünki sən yalançı davamçısan, sən onun qulusan. Amma mən qul istəmirəm. Bunlar elə bil Asif Atanı öz mülkiyyətləri hesab edirlər. Amma anlamırlar ki, onlar davamçı yox, sadəcə qulbeçədirlər. Sən onun mahiyyətini bilmirsən, kəlamları izah edə bilmirsən. Sadəcə, iclaslar keçirtməklə məşğuldular. Bilirsiniz, ən vacib iş ilk növbədə müştəbehlikdən qurtul, “mən”dən uzaqda dur. Bax, onda daha çox inkişaf olacaq, daha çox yayılmaq, paylaşmaq mümkün olacaq. Bunun üçün isə zaman lazımdır. Bu birdən-birə ola bilməz. Çünki əsrlər boyu təlim-tərbiyə, qaydalar insanlara çox təsir edib. Ortodoksal dinlər isə insanları tamamı ilə pis günə qoyub.
-Bəs bu dinlərdən hansı insanlara daha yaxındır?
-Heç biri. Bu din bəzilərinin sadəcə çörək yeridi. Quranı adicə götürün oxuyun. O qədər ziddiyətlər var Quranda. İsa peyğəmbərdə az-maz bir sevgi hiss olunur. Bizim dində qorxu var, qəddarlıq var, elə bil “xox” gəlir sənə. Başa düşmürəm, Allah Hitlerdi, faşistdi, nədi? Səni sevə-sevə yaradan Allah səni niyə qorxuzmalıdır? Allah hər birimizə özündən nə isə verib, bizdəki də həmin enerjidi də.Amma ortada bunun tam əksi var. Bir qorxu təlqin olunur. Nəyə görə? Ona görə ki, qorxudub səni idarə etmək istəyir. Beləcə səni qul edir və idarə edirlər. Onlar bilir ki, sən Allaha bənzərsən və azadsan. Amma bu qorxu xofunu yaratmaqla səni yalnız bu şəkildə idarə etmək istəyirlər. Sən isə onu sevməlisən, hörmətlə yanaşmalısan, axtarmalısan, tapmalısan onu. Muğama qulaq asırsınız da. Orda nələr görürsünüz? Orda bir həyat var, orda bir yol var, təlatümlər, həyəcanlar yaşanır. Muğamın şöbələri ilə tanış olduqca Allaha gedən yolu belə görmək olur. Budur əslində səndə olan. Sən bunu özündə axtarmalısan, o içindəki enerjidir. O hər qarışqada, hər ağacda, hər insanda var, onu tapmasan, onu itirsən, məhv olarsan, quruyarsan. Yox olarsan. Buna görə qorxmaq lazım deyil, nədən qorxmalısan axı?
-Ənkir-Mənkirdən
-(gülür) Yoxdu elə şeylər.
-aya xanım, bildirirsiniz ki, ruh hər zaman mövcud olur. Belə çıxır ki, onda ruh yenidən insana qayıdır?
-Əlbəttə. Ruh bədəndən çıxan kimi görünməz olur. Şüuru isə görmək çox çətindir. Bunu hər insan tapa bilməz. Bəzən bunu tapmağa belə qorxuruq. Qorxu içimizdə hakim olur. Qeyd edim ki, ruh bədəndən çıxandan sonra yenə insanın, cəsədinin yanında olur. Amma bir təlatümdə olur. Çünki nə danışa bilir, nə də forması olur, bu isə onun üçün həyəcan, gərginliklər yaradır.
-Bəs paralel dünyalara yanaşmanız necədir?
-Bilirsiniz, ağacların özü dünyası, heyvanların öz dünyası, suyun öz dünyası var. Bax, paralel dünya elə budur. Bunu alimlər də sübut edib ki, ən həssas dünya da məhz sulara məxsusdur. Suların yaddaşı dəhşətli dərəcədə güclüdür. Bəs sufilər niyə sufi olurdu? Ona görə ki, bu dünyaları görə bilirdilər, o enerjini hiss edə bilirdilər. Ona doğru gedib və ona nail ola bilirdilər. Hətta elə seçilmişlər, nurlanmışlar var idi ki, ölüm günlərini belə bilirdilər. Buddanın özünü götürün. Hamını yığdı ətrafına və bildirdi ki, bu tarixdə öləcək. Çünki o insanlarda artıq heç nədən, ölümdən belə qorxu yox idi. O həmin enerjini tam gücü ilə yaşaya bilirdi.

Söhbətləşdi: Vahid