Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına yekun vurulacaq.

Unikal.org-un apasport.az saytının məlumatına görə, ardıcıl 4 oyunda "quru hesabla qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan son turda Hollandiya ilə qarşılaşıblar.

Voleybolçularımız qələbə seriyasını davam etdiriblər. Onlar bundan öncəki 4 turda xal itirməyən Hollandiyaya darmadağınla qalib gəliblər. 5-ci görüşdə 5-ci 3:0 hesablı qələbə isə yığmamızı birbaşa final mərhələsinə yüksəldib.

Belə ki, qarşılaşma gözlənildiyi kimi qarşılıqlı hücumlarla başlayıb. Lakin voleybolçularımızın bir-birini başa düşməməsi rəqibin təşəbbüsü ələ alması ilə nəticələnib. Birinci hissənin ilk texniki fasiləsinə 2 top geridə yollanan komandamız ikinci texniki fasilədə 8 top geri düşüb - 8:16. Lakin bu, voleybolçularımızı ruhdan salmayıb. Faiq Qarayevin lazımı göstərişləri oyunun axarını dəyişib. Öncə yığmamız fərqi azaldıb (15:20), ardınca hissəni əlavə vaxta aparıb. Nəhayət ki, setin sonlarında hesabda irəli keçən (29:28) voleybolçularımız yekunda əzmkar qələbəyə seviniblər - 30:28.

Bu qələbə komandamızı daha da ruhlandırıb. Təmsilçimiz setə uğurlu başladıqdan sonra bir qədər zəif təsir bağışlasa da, yenə lazımı anda toparlanıb. Bu isə millimizi qələbəyə bir addım da yaxınlaşdırıb - 2:0.

3-cü hissə sonuncu olub. "Narıncılar fərqi azaltmaq üçün bir sıra dəyişikliklərə əl atsa da faydası olmayıb. Onlar setin gedişində hesabda irəli çıxsalar da, bunun ardını gətirə bilməyiblər. Səhvsiz oynayan yığmamız seçmə oyunları nə set, nə də xal itirmədən bitirib.

Beləliklə, Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Rio Olimpiadasının yarımfinalçısı Hollandiya isə pley-offda mübarizəni davam etdirəcək. Həlledici oyunlar 2018-ci ildə Yaponiyada keçiriləcək.

Günün ilk qarşılaşmasında isə Norveç İsraillə oynayıb. Heç bir əhəmiyyət kəsb etməyən oyunda ikincilər qələbə qazanıb.

Seçmə mərhələyə isə Danimarka və Ukrayna dueli ilə yekun vurulacaq. Bu matçda da qeydə alınacaq hesab turnir cədvəlində heç nəyə təsir etməyəcək.