Ermənistanın "Lragir" nəşrinin jurnalisti Naira Ayrumyan Dağlıq Qarabağda son günlər baş verən hərbi əməliyyatlar və prosesin siyasi nəticələri haqda maraqlı yazı ilə çıxış edib.

Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, "Ermənistanda antirusiya əhval-ruhiyyəsi" adlı yazıda müəllif qeyd edir ki, son proseslər onu göstərdi ki, Rusiyanın Ermənistana verdiyi vədlər boş çıxdı. Artıq Ermənistan öz milli maraq və təhlükəsizliyini nəzərə alaraq Rusiya ilə münasibətlərə yenidən baxmalıdır. 

"Türklər və azərbaycanlılar ermənilərə qarşı "təcavüzkar" niyyətlərini heç vaxt gizlətməyiblər. Eyni zamanda, Rusiya bütün bu illər ərzində iddia edirdi ki, erməniləri təhlükədən qoruyacaq. Vədlərin əvəzində isə Ermənistan Rusiyaya bütün kommunikasiyalarını, səhmlərini verdi. Avropa Birliyi ilə assosiasiya sazişindən, qlobal oyunçularla münasibətlərdən imtina etdi. Suverenliyindən imtina edərək, türk dövlətləri ilə eyni hərbi bloka daxil oldu. Bütün bunlar ona görə edildi ki, təhlükə zamanı Rusiya Ermənistanı müdafiə etsin.

O vaxtlar çox insan xəbərdarlıq edirdi ki, 1921-ci il Moskva müqaviləsi ilə Türkiyə və Ermənistan arasına sədd çəkən Rusiya Ermənistanın müdafiəçisi ola bilməz. Bizə xəbərdarlıq etmişdilər ki, Rusiya Azərbaycana raketlər satır, ancaq Ermənistana raket əleyhinə vasitələr satmır, bu üzdən Rusiya Ermənistanın təhlükəsizliyinin müdafiəçisi ola bilməz. Lakin Rusiya bazarlarında alver edən bir çox erməni buna inanmaq istəmirdi.
Ancaq indi hər kəs öz gözü ilə gördü ki, "erməni torpağı" Rusiya istehsalı raketlərlə vurulur. Yüksək texnologiyalı silahı Ermənistandakı bazalarında saxlayan Rusiya isə susur.

Ermənistanda antirus əhval-ruhiyyəsi yoxdur, lakin Ermənistanda şəxsi maraqları dərketmə, müttəfiq və düşmənlərin yenidən qiymətləndirilməsi prosesi gedir. Və bu qiymətləndirmə heç də Rusiyanın xeyrinə dəyişmir. İndi nəinki suallar, siyasilərin cavabları da yüksəlir.

Əgər Ermənistanda geniş şəbəkələşmiş Rusiya agenturası və təbliğatı olmasaydı, İrəvan bu gün ciddi qərarlar qəbul edirdi – Avrasiya İttifaqı və KTMT-də üzvlüyünü dondurmaq kimi, Ermənistana raket əleyhinə silahlar verəcək dünyanın başqa güc mərkəzləri ilə hərbi-siyasi müqavilələr bağlamaq kimi. Məsələn, Moskvanın Ermənistanın təhlükəsizliyinin qarantı kimi bəyan etdiyi 1921-ci il Moskva müqaviləsindən çıxmışdı.

Hələ ki, Ermənistan bunu etməyib, ölkədə antirusiya əhval-ruhiyyəsindən danışmağa dəyməz. Ancaq bu addımlar getdikcə yetişir. Əgər başqa ölkələrdə Rusiyanın kolonial siyasətindən xilas olma prosesi Qərbin dəstəyi ilə həyata keçirdisə, Ermənistanda bu yalnız milli suverenliyin və təhlükəsizlik maraqlarının dərk edilməsi nəticəsində baş verə bilər. 
Rusiyada Ermənistanda baş verənləri inadla antirusiya əhval-ruhiyyəsi kimi qiymətləndirirlər. Rusiya təbliğatı hər şey edir ki, Rusiyanın ermənilərə kömək edə biləcəyini, Ermənistanın təhlükəsizlik açarlarının yalnız Rusiyanın əlində olduğunu göstərə bilsin.

Bu gün Ermənistan fərqli cür düşünürlər və Rusiya da günün biri öz təbliğatını dəyişmək məcburiyyətində qalacaq".