Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün Milli Məclisin növbədənkənar plenar iclasında müzakirə edilən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

S.Novruzov bildirib ki, biz həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi məsələsinə yenidən baxmalıyıq:

"Bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq həyat göstərdi ki, biz düzgün addım atmışıq".

S.Novruzov bildirib ki, həm siyasi partiyalar, həm də QHT-lər maliyyə mənbəyi barədə məlumat verməlidirlər:

"Bir partiya sədrinin müavinin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycanda almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik. Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir".