"Cəbhədə baş verən erməni təxribatları, Azərbaycan ordusunun əks hücum əməliyyatları, strateji yüksəkliklərin geri qaytarılması, xüsusilə Azərbaycan xalqının, gənclərimizin, xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımızın xüsusi iradə ortaya qoyması, qətiyyətlilik, münaqişənin həll olunmasında birbaşa vasitəçi təşkilatlara inamsızlıq  Azərbaycan xalqında torpaqların geri qaytarılması uğurunda artıq hərbi yola ehtiyacın olduğunu büruzə verdi".
 
Unikal.org xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov deyib.

Baş katib bildirib ki, Azərbaycan dövləti çalışır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyinin təmin olunması ilə yekunlaşsın: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ölkə başçısı cənab İlham Əliyevin son zamanlar beynəlxalq təşkilatlardakı çıxışlarında, ayrı-ayrı ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə, eləcə də münaqişəyə birbaşa vasitəçilik edən təşkilatların üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasında diplomatik səylərin artırılmasının vacibliyini diqqətə çatdırması, əks halda son vasitə kimi hərbi yolla torpaqların işğaldan azad olunacağı fikri beynəlxalq diplomatik müstəvidə mühüm gedişatların başlanılmasına bir təkandır. Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermiş sonuncu hərbi qarşıdurma, mülki əhalinin həlak olması, Azərbaycan ordusunun kifayət qədər üstünlüyü, qarşı tərəfin xeyli sayda itkisindən sonra Dağlıq Qarabağ münaqişəsində Ermənistan-Azərbaycan siyasi dialoqunun aparılmasında vasitəçi tərəflərin aktivliyini müşahidə edirik. Bir neçə beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı dövlətlərin söz sahibləri, eləcə də münaqişənin həll olunmasında iştirak edən dövlətlərin nümayəndələrinin bu günlərdə verdiyi mesajlara nəzər yetirsək Azərbaycanın artıq danışıqlar masasında qalib tərəf statusunda əyləşdiyini hesab edə bilərik".