"1981-ci ildə H.Əliyev Naxçıvana gələndə onunla görüşə bilmədim. Sonra özünə dedim ki, o vaxt sizinlə görüşə bilmədim, arzum ürəyimdə qalmışdı. Çox gözəl yumor hissi vardı. Zarafatla dedi ki, ay Eldar, o zaman səni tanımırdım axı. Bilsəydim ki, ürəyində arzun var, qalıb səninlə görüşərdim".
Unikal.org xəbər verir ki, bu sözləri report-a müsahibəsində millət vəkili Eldar İbrahimov bildirib.
O əlavə edib ki, bizim onunla böyük qardaş-kiçik qardaş, ata-bala kimi çox yaxşı münasibətimiz vardı. 
"Danışıqlarımız da həmişə kişi söhbəti olub. Bəzən görmüşəm ki, dediklərim xoşuna gəlmir, üzünü turşudur. Deyirdim ki, sizə həqiqəti dedim. Bir həftədən sonra deyirdi ki, yoxladım, sən düz deyirdin. Mənim ondan heç bir təmənnam yox idi. Kişi kimi qulluq etmişəm. H.Əliyev mənə müəyyən vəzifələr təklif edib. Demişəm ki, deputatam, Komitə sədriyəm daha nə olsun? Hamı nazir olası deyil ki, mənim işim budur və mən sizə Milli Məclisdə lazımam.
Səmimi, mehriban insan idi. Xatırlayıram ki, bir dəfə Zərifə xanımla əlaqədar "Səs" qəzetində yazı getmişdi. Qardaşları onun haqqında müsahibə vermişdi. Qəzeti təyyarədə, Bakıdan Naxçıvana gələndə yolda oxudum və çox kövrəldim. Qəzeti gətirib H.Əliyevə verdim. Oxumağımı istədi. Dedim ki, ürəyim tap gətrmir. Özü oxumağa başladı. Bir azdan sona çevirilib baxanda gördüm ki, kədərlənib, durub icazəsiz çıxdım. Bir azdan çağırdı. Dedi, ay Eldar, niyə çıxdın? Bildirdim ki, kədərinizi, göz yaşlarınızı görmək istəmədim...
H.Əliyevlə Zərifə xanımın həyat yoldaşlığı həm də bir ailə nümunəsi idi. Bizdə daha çox belədir ki, arvad dünyasını dəyişən kimi kişilər evlənir. Amma ailəsini çox sevən H.Əliyev göstərdi ki, ailəni sevirsənsə, onu dəyişmək olmaz. Bu, qadınlarla yanaşı kişilərə də aiddir, nümunədir. İnsan bir dəfə sevir, bir dəfə sevilir.
O, ailəsini, xalqını, millətini, vətənini sevən, uğrunda canını qurban verən insan olub. Xalqa qurtuluş verib. Onun ruhu qarşısında Azərbaycan xalqı borcludur. O cümlədən mən.
1990-cı ildən 2003-cü ilə qədər-13 ildə onun yanında olan biri kimi azdan-çoxdan tələbəsi ola bildim. Məktəbini oxuya bildim. Onun həyat yolu insanlara örnəkdir.
O zamanı, siyasi büroda işləyənləri götürsək, H.Əliyev yeganə şəxsdir ki, işdən çıxıb, təkrar vəzifəyə gəldi: İgid odur ki, atdan düşə atlana.
Nə qədər Azərbaycan var, H.Əliyev yaşayacaq. O, mənim üçün də yaşayır. Onun ideyalarını prezidentimiz yaşadır. Biz yaşadırıq. Demək ki, bu insan sağdır. Bütün xalq dedi ki, H.Əliyev bizim ümummilli liderimizdir. Bizim öndərimizdir.
Elə buna görə də indi biz, onunla bağlı bütün çıxışlarımızda ulu öndər deyirik".