İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, o, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.
 
Qarabağda döyüşməyi arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: "İranın ali dini lideri buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm. Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər. Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır. Əslində təkcə Qarabağ deyil, həm də Stalin dövründə onun tərəfindən millətlər arasında ixtilaf salmaq kimi mənfur niyyətlərlə dəyişdirilmiş sərhədlər dəyişdirilməli və Azərbaycana qaytarılmalıdır".
 
H. Amili qeyd edib ki, Azərbaycan bu münaqişədə özünün dost və düşmənini, xidmətçi və xəyanətkarı tanımalıdır: "ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söz versə də, bu qrup heç bir iş görməyəcək, həm də digər beynəlxalq qurumların bu sahədə görə biləcəkləri işlərə əngəl törədəcək. Onlar bu münaqişənin dinc yolla həllini istəmirlər".
 
İranın Gilan əyalətində yerləşən Astara şəhərinin imam cüməsi Höccətül-İslam Şeyx Hafiz Kazimniya da xütbəsində deyib ki, Qarabağ İslam dünyasının bir parçasıdır: "Heç kim Qarabağın işğal edilməsinə şübhə ilə yanaşmır. Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır. Biz hər növ münaqişə, müharibə və itkiyə qarşıyıq. Lakin Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. Bu ölkənin heç bir şəhəri, qəsəbəsi və kəndi işğal altında qalmamalıdır".
 
Təbriz şəhərinin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbistəri də xütbəsində bildirib ki, son günlər Qarabağda baş verənlər 1994-cü ildə Azərbaycanla Ermənistan arasındakı müharibədən sonra misli görünməmiş bir hadisədir.