Aprelin 8-də Daxili İşlər Nazirliyində (DİN) "Uçot-qeydiyyat intizamına riayət edilməsi"nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin "Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəliyə keçməzdən əvvəl, cari il aprelin 2-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı yaşayış məntəqələrinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bütün cəbhə boyu iriçaplı silahlardan, minaatanlardan, qumbaraatandan və artilleriya qurğularından intensiv atəşə tutulduğunu xatırladıb. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun gördüyü cavab tədbirləri, həyata keçirdiyi döyüş əməliyyatları və endirilmiş sarsıdıcı zərbələr nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi infrastrukturu məhv edilib, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Cəbhəboyu rayonlarda əhalinin təhlükəsizliyinin təmin olunmasında polis orqanları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Təəssüflə qeyd olunub ki, döyüş əməliyyatları bizim üçün də itkisiz ötüşməyib. R.Usubov ordumuzun göstərdiyi şücaətin, qəhrəmanlığın xalqımızda, xüsusən gənclər arasında böyük ruk yüksəkliyi yaratdığını, şəhid olmuş əsgər və zabitlərimizin böyük coşğu ilə dəfn olunmasının, minlərlə insanın qatıldığı həmin mərasimlərin xalqımızın öz dövləti, Prezidenti ilə sıx birliyinin, vətən və torpaq sevgisinin, sülh danışıqlarının heç bir nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqlarımızı hərb yolu ilə azad etmək əzminin növbəti əyani təzahürü olduğunu diqqətə çatdırıb.

Nazirin təklifi ilə şəhid olmuş hərbçilərimizin, həmçinin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iclasın gündəliyinə toxunan daxili işlər naziri müzakirəyə çıxarılan hər üç məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov çıxış edib. O deyib ki, aidiyyəti fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılmaqla hüquqi statistika, əməliyyat-sorğu, kriminal yönümlü məlumatların toplanılması, emalı və arxivləşdirilməsi sürətləndirilib, yeni informasiya bankları formalaşdırılıb. İstismar edilən avtomatlaşdırılmış sistemlər və proqram təminatları mütəmadi yenilənib, cinayətkarlığa qarşı mübarizədə onlardan geniş istifadə edilib.

Ölkədə cinayətkarlığın vəziyyətini, dinamikasını, müvafiq sahədə ayrı-ayrı uçot subyektlərinin fəaliyyətinin nəticələrini, mövcud nöqsan və çatışmazlıqları, onların aradan qaldırılmasına dair tapşırıqları özündə əks etdirən analitik materiallar və hesabatlar, icmal-arayışlar və istiqamətləndirici göstərişlər hazırlanıb icraya yönəldilib.

Bildirilib ki, cinayət və hadisələr barədə məlumatların tam və dəqiq qeydiyyatı məsələsinə önəm verilərək müvafiq sahəni tənzimləyən vəzifə təlimatları yenilənib, icrası nəzarətə götürülüb, görülən işlərin vəziyyəti dəfələrlə Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub. 2007-ci ildən Nazirlikdə fəaliyyət göstərən "102" xidməti - zəng mərkəzi sistemi də cinayətlərin uçotuna mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsində özünün praktiki rolunu təsdiqləyib, latent cinayətkarlığın səviyyəsinin minimuma endirilməsində mühüm rol oynayıb. Polis orqanlarının DİN-in Vahid Məlumat-Axtarış Sisteminə (Məlumat Portalı) qoşulması lüzumsuz yazışmaları, vaxt itkisini aradan qaldırmaqla yanaşı, profilaktik, istintaq və əməliyyat-axtarış fəaliyyətinin səmərəliyinin artırılmasına şərait yaradıb.

Məruzəçi bildirib ki, bununla yanaşı, kollegiyaqabağı araşdırmalar bəzi şəhər, rayon polis orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına, fəaliyyətin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə lazımi diqqət yetirilmədiyini göstərib.

Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, Baş İdarə tərəfindən keçən il və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlərlə mübarizədə geriliyə yol vermiş şəhər, rayon polis orqanlarına əməli köməkliklər göstərilib, geniş ictimai rezonans doğuran cinayətlər əməliyyat müşavirələrində müzakirə olunaraq görülən tədbirlərin gedişi nəzarətə götürülüb.

Gündəlikdəki üçüncü məsələ ilə bağlı məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. O bildirib ki, qəbul olunmuş yeni qanunvericilik aktları əsasında cinayətlərin qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi istifadəyə verilib. Qabaqlayıcı iş sahəsini tənzimləyən geniş normativ baza yaradılıb.

Cinayətlərin, xüsusən ailə-məişət zəminində, əvvəllər məhkum olunmuş şəxslər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlərin qarşısının vaxtında alınması, profilaktik iş qurumlarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə özündə qabaqlayıcı tədbirləri əks etdirən göstərişlər hazırlanaraq yerlərə göndərilib.

Məruzəçi qeyd edib ki, məqsədyönlü islahatlar cinayətlərin profilaktikası sahəsində mühüm funksiyaları həyata keçirən polis sahə rəisləri və inspektorları institutunu da əhatə edib, onların peşəkarlıqlarının artırılması məqsədilə respublika toplantısı, zonalar üzrə virtual seminar-məşğələlər keçirilib. Polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilərək sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları Nazirliyin veb saytına yerləşdirilib. Görülmüş tədbirlərlə təkcə ötən il müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə 87.233 vətəndaş müraciət edib ki, bu da 2014-cü illə müqayisədə 3 faiz çoxdur.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçiriləcək tədbirlər barədə danışıblar.

İclasa yekun vuran nazir əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini, bu işdə polisin prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə birgə əlaqəli və səmərəli işbirliyinin xüsusilə mühüm rol oynadığını xatırladıb.

O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Son günlər cəbhəboyu zonada yaşanan hadisələrə bir daha toxunaraq təmas xəttində döyüş əməliyyatları zamanı polisin üzərinə müharibə dövrünün tələblərinə uyğun mühüm vəzifələr düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli müvafiq sərəncamına, onun icrası ilə bağlı DİN-in tədbirlər planına uyğun olaraq cəbhəboyu rayonlarda zəruri tədbirlərin məqsədyönlü surətdə davam etdirilməsini tapşırıb.

General-polkovnik R.Usubov cari il fevralın 2-də ölkə Prezidenti tərəfindən imzalanmış "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" fərman çərçivəsində bir sıra rayonlarda mülki işçi vəzifələrinə vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışlarının keçirildiyinə, hazırda anoloji tədbirlərin davam etdirildiyinə toxunaraq aidiyyəti xidmətlərin və ərazi polis orqanlarının rəislərindən bu məsələnin diqqətdə saxlanılmasını tələb edib.

Cari il martın 1-dən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə mindiyini xatırladan nazir xidməti fəaliyyətdə həmin qanunvericilik aktının tələblərinə ciddi riayət olunmasının, bunun üçün ilk növbədə polisin səlahiyyətinə aid maddələrin şəxsi heyət tərəfindən dərindən öyrənilməsininin əhəmiyyətini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına daimi diqqət və qayğının göstərildiyini, bunun isə üzərimizə daha böyük məsuliyyət qoyduğunu bildirib. O, ölkə başçısını əmin edib ki, şəxsi heyət qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.