Azərbaycanda 4 ay əvvəl qüvvəyə minmiş, övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihədə bildirilir ki, "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir" məzmunlu bənd ləğv edilir.

Xatırladaq ki, bu bənd 2015-ci ilin dekabrın 2-də həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə 51.1-1 maddəsi olaraq əlavə edilmişdi.

APA

 

Bu il martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində 200-dən çox əlavələrin olması səbəbindən bir sıra maddələrin yeri dəyişdiyi üçün müvafiq bənd də 189.2 maddəsi olaraq təsbit olunub.

 

Layihə Milli Məclisin aprelin 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.