Dan Stav: "Mən fəxr edirəm ki, bu ölkədə səfirəm

Unikal.org bu gündən etibarən yeni lahiyəyə start verir. "Tribunada səfirdir lahiyəsi çərçivəsində Azərbaycandakı diplomatik nümayəndəlik rəhbərləri və səfirlərlə müsahibələr təşkil olunaraq oxuculara təqdim ediləcək. Beləliklə, yeni rubrikanın ilk müsahibi İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavdır.

Səfir haqqında qısa arayış:

Dan Stav 1956-cı ildə İsraildə, Hayfa şəhərində anadan olub. 1978 - 1982 -illərdə Hibru Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, 1982 - 1986-illərdə magistr dərəcəsi alıb. Peşəkar fəaliyyətə 1984-cü ildə İsrail Xarici İşlər nazirliyində kadet kimi vaşlayıb. O, 2015-ci ilin avqust ayının 31-də etimadnaməsini Azərbaycan prezidenti cənab İlham Əliyevə təqdim etdikdən sonra İsrail Dövlətinin burada fövqəladə və səlahiyyətli səfiri olaraq diplomatik fəaliyyətə başlayıb.


- Cənab səfir, ilk olaraq müsahibəyə razılıq verib şərait yaratdığınız üçün Sizə təşəkkür edirəm.

- Bu mənim üçün şərəfdir və vacibdir.

- İsrail dövləti bir çox sahələrdə uğurlar əldə edib. Müdafiə Sənayesi sahəsini və İT texnologiyalarının bir çox istiqamətlər üzrə tətbiqini xüsusi qeyd etmək istərdim . Bu uğurların arxasında nə dayanır?

- İlk növbədə onu qeyd etmək istəyirəm ki, hazırki dövrdə heç bir ölkə bu cür texnologiyalarsız mövcud ola bilməz. Azərbaycan və İsrail kimi strateji coğrafiyada yerləşən ölkələr üçün bu cür texnologiyalar olduqca vacibdir. Heç bir ölkə ona lazım olan bütün texnologiyaları eyni səviyyədə inkişaf etdirə bilməz. Xüsusən də bunu kiçik dövlətlət üçün qeyd etmək lazımdır. Bütün texnologiyaları inkişaf etdirmək üçün böyük xərclər tələb olunur. Kiçik ölkələrdə insanların sayının azlığını nəzərə alsaq, deyə bilərik ki, həmin ölkələr üçün bütün texnologiyaları inkişaf etdirmək daha çox çətinlik yaradır. Qeyd etdiyim məsələlər daxil olmaqla hər bir ölkə öz prioritet sahəsini seçməlidir. İsrailin yerləşdiyi ərazi və tarixi coğrafiya baxımından biz hər zaman müdafiə sənayesi və hərbi sənayeyə daha çox diqqət ayırmalı olurduq. İqlimimizi nəzərə alsaq kənd təsərrüfatı bizim üçün vacib sahə olub. İqlimin yaratdığı çətinliklər səbəbindən bu sahənin inkişafı üçün bizə xüsusi texnologiyalar lazım olub. Mən iki sahəni Sizin diqqətinizə çatdırdım. Dediklərimi digər sahələrə də aid etmək olar. Daha vacib məsələ iqtisadiyyatdır. Hansısa texnologiyanı inkişaf etdirdikdən sonra onu bazara çıxarmaq barədə də düşünmək vacibdir. Yəni, hansısa texnologiyanı inkişaf etdirmək bəs etmir. Bizim uğur qazanmağımızın üç səbəbi var. Onların birincisi təhsilin inkişafına ayırdığımız zaman və gücümüzdür. İkinci, bizim bu sahələrin inkişafına ayrıdığımız investisiyadır. Bizim üçün vacib olan sahələrə investisiya yatırmağa hər zaman hazırıq. Üçüncüsü isə, biz hansısa bir sahəni tam inkişaf etdirmək, yəni yarımçıq saxlamamaqüçün çox işləyirik. O sahəni elə həddə çatdırmaq istəyirik ki, digər ölkələr də bu sahəni inkişaf etdirdiyi təqdirdə biz ən birinci olaq. Biz bu yanaşma ilə İsrail olaraq bir neçə sahədə məsələn, təhsil, kənd təsərrüfatı, tibb sahəsində ən birinci yerə gəlib çıxa bildik.

- Məlum olduğu kimi Azərbaycanda post-neft dövrü tez başladığı üçün qeyri-neft sektorunun inkişafına diqqət ayırmaq prioritet məsələyə çevrilib. İqtisadiyyatın tez gəlir gətirən sahələrindən biri olan kənd təsərrüfatının inkişafı istiqamətində İsrail Azərbaycana hansı təkliflər verə bilər?

- Sizinlə tam razıyam ki, iqtisadiyyatın diversifikasiyası üçün kənd təsərrüfatının inkişafı çox vacibdir. Amma bunun da öz çətinlikləri var və onları nəzərə almaq lazımdır. Kənd təsərrüfatının inkişafına kompleks şəkildə yanaşma olmalıdır. Onu yüksək səviyyəyə çatdırmaq olar, ancaq sonra başqa problemlər ortaya çıxa bilər. Belə olan halda iqtisadiyyatın digər sahələrdəki problemləri ilə də qarşılaşmaq qaçılmazıdır. Misalçün, taxılçılığı inkişaf etdirsəniz və infrastruktura diqqət ayırmasanız bu çətinliklər yarada bilər. Yollar bərpa olunmalıdır ki, taxılın bazara çıxarılmasına imkan yaransın. Mənim qeyd etdiyim məsələlər təkcə Azərbaycana aid deyil. Ümumilikdə deyirəm ki, iqtisadiyyatın kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün diğər sektorlar da inkişafdan kənarda qalmamalıdır. Biz kənd təsərrüfatının inkişafından danışarkən ən çox resursların tənzimlənməsinə diqqət ayırmalıyıq. Mənim Azərbaycanda bir neçə məsələ ilə bağlı yaxşı təəssüratım var. Ən birinci insanların zəhmətkeşliyidir. Onlar yenilikləri sevirlər və yeni texnologiyaları cəlb etməyə və öyrənməyə hazırdırlar. İkincisi torpağın, üçüncü isə suyun keyfiyyətidir. Dördüncü əsas amil isə iqlimin fərqliliyidir. Bu, kənd təsərrüfatının bir çox sahələrini inkişaf etdirməyə imkan yaradır. Bu məsələdə su mənbələrinə də müəyyən qədər güc düşür. Kənd təsərrüfatının inkişafında su menecmenti də mühüm rol oynayır. Suyun paylanmasının düzgün aparılması çox vacib məsələdir. Mən ona görə su menecmentindən danışıram ki, İsrail bu sahədə çox irəli gedib. Bizim tətbiq etdiyimiz bir çox texnologiyalar var ki, onlar Azərbaycanda yoxdur. Əsas vacib məsələ irriqasiya sisteminin düzgün qurulmasıdır. Suvarmada damcılanma sisteminə üstünlük verilməlidir ki, bu sistem Azərbaycanda çox da inkişaf etməyib. İsraildə daha çox inkişaf edən digər sahə dəniz suyunun şirinləşdirilməsidir. Bu sistem eyni zamanda çirkab sularının təmizlənməsində də istifadə olunur. Bu sahədə də İsrail Azərbaycana təkliflər verə bilər. Kənd təsərrüfatı bir dairədir. Birinci torpağın hazırlanması, sonra suvarılması və qidalanması nəzərə alınmalı, daha sonra hazır məhsulun saxlanılması üçün şərait yaradılmaldır. İsrail bu sistemin qurulmasında çox qabağa gedib. Bu sahədə Azərbaycana çox şeylər təklif edə bilər. Mənim dediklərim İsraili hər şeyi bilən ölkə kimi təqdim etmək deyil. İsrailin bilikləri özü üçün yararlıdır. Bu işdə Azərbaycana başqa yanaşma da lazım ola bilər. İsrailin və Azərbaycanın mütəxəssisləri bu işdə birgə işləməlidirlər. Çünki Azərbaycanın mütəxəssisləri öz ölkələrinə lazım olanları və onun imkanlarını daha yaxşı bilirlər. İşlər birgə qurulmalıdır ki, o texnologiyalar İsraildən Azərbaycana gətirilə bilsin.
Azərbaycanla İsrail arasında bu sahələrdə həm dövlət, həm də özəl sektor səviyyəsində birgə işlər başlayıb. Dövlət səviyyəsində su menecmenti sahəsində işlərə start verilib. Digər tərəfdən narın məhsuldarlığının artırılması ilə bağlı treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda suvarılmada damcılama sisteminin gətirilməsi ilə bağlı işlər görülür. Özəl sektor səviyyəsində heyvandarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq mövcuddur. Digər tərəfdən süd emalı sahəsində də İsrailin Azərbaycana təklif edəcəyi texnologiyalar çoxdur.



- Müsahibənin gedişatı elə oldu ki, söhbətə birbaşa iqtisadi məsələlərdən başladıq. Ona görə də iqtisadi sahədə daha bir sual vermək istəyirəm. Səhv etmirəmsə, Azərbaycanda 37 İsrail şirkəti fəaliyyəti göstərir. Bu sayın artması gözlənilirmi? Ümumiyyətlə, İsraildəki iş adamlarını Azərbaycandakı investisiya mühiti maraqlandırırmı?

- Artıq biz diplomatiyanın başqa sahələrini də izləyə bilərik. Bu gün diplomatiya dəyişib. Hazırda iqtisadi diplomatiyaya daha çox üstünlük verilir. Ona görə də çox şadam ki, biz söhbətə iqtisadiyyatdan başladıq. Əlbəttə ki, digər suallarınıza da cavab verəcəyəm. Biz İsrail səfirliyi olaraq Azərbaycanla iqtisadi əməkdaşlıq etməkdə, burada İsrail şirkətlərinin sayının artmasında maraqlıyıq. İsrail dövləti özəl şirkətlərin əlindən tutaraq onları bura gətirə bilməz. Bizim məqsədimiz buradakı imkanlar barədə İsraildə məlumatın artırılmasıdır. İsrail şirkətlərinin Azərbaycana gətirilməsində və investisiya yatırmasında maraqlıyıq. Əlbəttə ki, bu məsələdə Azərbaycan tərəfi də maraqlıdır. Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük imkan və potensial var. Ümid edirəm ki, 2017-ci ili sonunda biz nəticəni görə biləcəyik. İsrailin baş naziri Benyamin Notenyahunun ötən ilki səfəri çərçivəsində imzaladığı razılaşmanın rotfikasiyası prosesi ilin sonuna kimi başa çatdırıla biləcək. Bu, iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaradılması, onların həyata keçirilməsi və eyni zamanda böyük nailiyyətlərin əldə olunmasında kömək edəcək. İsrail səfirliyinin Azərbaycandakı məsuliyyəti ondan ibarətdir ki, İsraildəki şirkətləri burada təbliğ etsin, onların imkanları barədə informasiyaları Azərbaycana çatdırsın. Ancaq İsraildə Azərbaycan səfirliyinin olmaması bu işi bir az çətinləşdirir. Ümid edirəm ki, 2017-ci ilin sonunda sənədlərin ratifikasiyasından sonra yaradılacaq komitənin işi bu məsələləri bir az asanlaşdıracaq. İsraildəki şirkətlər Azərbaycana maraq göstərirlər. Lakin, bir neçə məsələ var ki, onların qarşısını alır. Biz səfirlik olaraq bu məsələdə heç nə edə bilmərik. Bunlardan biri iqtisadi zəmanətlərin olmamasıdır, bu da öz növbəsində investisiyanın qarşısını ala bilər. Digər məsələ informasiyanın az olmasıdır. Azərbaycan dövlətinin iqtsadi sahədə gördüyü işləri nəzərə alsaq, məsələn, sənaye parklarının yaradılması, korparativ vergilərin azaldılması və digər işlər- bütün bunlar İsrail şirkətlərində böyük maraq doğura bilər.

- Bildiyiniz kimi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal altında olan ərazilərimizin qeyri-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmur. İsrail Ermənistan-Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nələr təklif edə bilər?

- Əlbəttə ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan və İsrail çox oxşar tarixə sahibdirlər. Bizim talelərimiz də çox bənzərdir. Həm Azərbaycan, həm də İsrail qonşu ölkə bir münaqişədə iştirak edib. Biz öz tariximizə nəzər salsaq görərik ki, məsələn Misir və İordaniya ilə münaqişələrin sülh yolu həll olunması daha yaxşı nəticələr verir, nəin ki, ölkələrin müharibə yolu ilə nəyisə əldə etməyə çalşmaqları. Məhz bu ölkələrlə bağladığımz sazişlər İsrailin ən yeni tarixində ən böyük nailiyyətlər kimi insanlar tərəfindən qarşılanır. Əlbəttə fikirləşmirəm ki, hansısa münaqişənin sülh yolu ilə həllini istəmək kifayət edən faktdır. Bu baxımdan güclü orduya sahib olmaq da vacib məsələdir. Mən öz tariximizə nəzər salaraq deyə bilərəm ki, münaqişələrin sülh yolu ilə həll olunması daha çox üstünlük təşkil edir. Bu baxımdan, ATƏT-in Minsk qrupunun gördüyü işləri dəstəkləyirik. Çünki, onların fəaliyyəti həm Azərbaycan, həm də Ermənistan üçün qəbul ediləcək işlərdir. Münaqişənin sülh yolu ilə həll edilməsi onun davamlı olaraq aparılmasından daha yaxşıdır.

- İsrail Prezidenti cənab Reuven Rivlin 2015-ci il yanvarın 28-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Holokost qurbanlarının xatirəsinin anım mərasimində çıxışı zamanı Xocalı faciəsi haqqında da danışıb. R. Rivlin dünya birliyinin Soyqırıma qarşı mübarizəsinin kifayət qədər effektiv olmadığını vurğulayıb. Cənab səfir, sualım belədir ki, hansı addımları atmaq lazımdır ki, dünya birliyi bu məsələyə ədalətli yanaşsın?

- Min illər ərzində ən ağıllı insanların bu məsələyə güc sərf etməyinə baxmayaraq onlar dünyada münaqişələrin, müharibələrin dayanmasına nail ola bilməyiblər. Bəşəriyyət tarixi bir çox belə hadisələrlə üzləşib. Həm soyqırım, həm də dəhşətli qətliamlar baş verib. Afrikada Konqoda ötən əsrin sonlarında, Sudanda bu yaxınlarda baş verən qətliamlar, Azərbaycanın 20-ci əsrin əvvəlində üzləşdiyi faciələr, Sizin qeyd etdiyiniz Holokost və Xocalı faciələri də bu qəbilədəndirlər. Bütün bunların baş verməsinin səbəblərindən biri də beynəlxalq ictimaiyyətin əvvəl baş verən hadisələrdən nəticə çıxarmamasıdır. Bu baxımdan, Azərbaycanın multikulturalizm sahəsində müxtəlif simpoziyumlar, konfranslar keçirməklə belə məsələlərə diqqət ayırması mühüm əhəmiyyət daşıyır. Azərbaycanın rolu yalnız konfransların və simpoziyumların təşkil olunmasından ibarət deyil. Azərbaycan eyni zamanda öz mövcudluğu və siyasəti ilə onu göstərir ki, burada müxtəlif xalqların nümayəndələrinin bir ərazidə multikultural şəraitdə yaşamsı mümkündür. Biz Orta və Yaxın Şərq ölkələrindəki dini baxımdan olan aqressiyanın nələrə gətirib çıxardığının şahidiyik.

- Azərbaycanın multikulturalizmə önəm verdiyini qeyd etdiniz. 2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunmuşdu. Azərbaycandakı tolerantlıq mühiti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycandakı multikulturalizmdən danışanda biz yalnız tolerantlıqdan yox, digər dinlərin ictimaiyyət tərəfindən qəbul edilməsini qeyd edə bilərik. Mən fəxr edirəm ki, məhz bu cür ölkədə səfirəm. Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Buradakı multikulturalizm və tolerantlıq təkcə dövlət səviyyəsində yox, həm də insanlar səviyyəsində özünü göstərir. Yəni insanlar özləri də tolerant və multikulturaldırlar. Buna yəhudilərin Azərbaycanda min ildən çoxdur yaşamasını nümunə gətirə bilərik. Digər Yaxın Şərq ölkələrindən fərqli olaraq Azərbyacan alternativ model rolunda çıxış edə bilər. Biz Azərbaycanın müstəqillikdən əvvəlki tarixinə nəzər saldıqda görürük ki, təkcə yəhudilərə qarşı münasibət yox, digər ölkələrdə təzyiq altına düşən Azərbaycana sığınmaq üçüb gələn etnik qruplara qarşı da münasibət yaxşı olub.

- İstərdim indi mədəni əlaqələrdən sual verim. Azərbaycan və Yəhudi xalqlarının mədəni dəyərləri arasında hansı oxşarlıqlar var?

- Bura gələndə fikir verdim ki, dillərimiz çox fərqlidir. Amma oxşar sözlər də var. Azərbaycanlıları və israilliləri birləşdirən oxşar cəhət yeniliklərə açıq olmalarıdır. Musiqilərimizdə oxşarlıqlaın olmasını qeyd edə bilərəm. Musiqi alətlərində və hansısa mahnılarda oxşarlıq tapa bilərik. Tarixin formalaşdığı zamana nəzər salsaq görərik ki, həm Azərbaycan, həm İsrail beynəlxalq ticarət yollarının birləşməsində yerləşir. Mən Azərbaycanın İpək yolunda, İsrailin isə Misir imperiyası ilə Mesopatamiyanı birləşdirən yolda yerləşməsi nəzərdə tuturam. Bu cür yolların üzərində qurulan dövlətlər və xalqlar yeniliklərə açıq olmalıdır. Ancaq özünəməxsus xüsusiyyətləri də qorumağa çalışmalıdır.

- Cənab səfir, İsraildə toy adətləri necədir?

- İsraildə nigah məsələrinə bir neçə icma baxır. Dövlət bu işdə çox da iştirak etmir. Prinsip etibarı ilə hər yerdə olduğu kimi bəy sevdiyi xanımla nigah bağlayır. Hansısa ölkədə bu patriarxal ola bilər, hansısa ölkədə matriarxal. Mən bura gələndən iki Azərbaycan toyunda iştirak etmişəm. Gördüyüm qədər toylarımızda çox da böyük fərq yoxdur. Evlənən cütlüklər öz xoşbəxtliklərini nümayiş etdirmək istəyir, kənardakılar da bu xoşbəxtliyə baxıb sevinir. Yəni israildəki toyalardan elə də fərq yoxdur.

- Azərbaycan mətbəxi ilə aranız necədir? Bizim hansı yeməklərimizi bəyənirsiniz?

- Bu suala cavab vermək mənə bir az çətinlik yaradır. Çünki mən veqeterianam. Azərbaycan mətbəxinə aid bir çox yeməkləri dada bilmərəm. Xüsusən də, lüləkabab, Şəkidəki pitini və balıq yeməklərini. Həyat yoldaşım deyir ki, bu vaxta qədər ən çox xoşuna gələn Mingəçevirdə Kürdən tutulan balıq olub. Bura gələndə məni qorxudurdular ki, Azərbaycanda ac qalacaqsan. Çünki, yeməklərin əksəriyyəti ətlə hazırlanır. Amma mən burada pendirləri, müxtəlif meyvə tərəvəzləri, göy qutabını çox bəyənirəm. Ən çox xoşladığım yeməklərdən biri də mərci şorbasıdır.



- Hansı regionlarımıza səfər etmisiniz və orada ən çox nəyi bəyənmisiniz?

- Qeyd edim ki, getdiyim rayonların çoxuna cəmi bir dəfə gedirəm. Yaxın günlərdə cənub bölgəsində yerləşən 3 rayona- Neftçala, Cəlilabad və Masallıya səfər etmişəm. Ümid edirəm ki, bu məhsuldar səfər olacaq. Hansısa bir rayonu xüsusi qeyd etmək mənimçün çətindir. Çünki getdiyim rayonların hamısında qonaqpərvərlik, mehribanlıq görürəm. Hər bölgənin yeməkləri də xoşuma gəlib. İkinci dəfə getməli olsam, ən çox Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakənə qayıtmaq istəyərdim. Çünki, bu ərazinin həm insanlarını, həm mətbəxini, həm də təbiətini xüsusilə bəyənirəm. Bununla yanaşı mədəniyyət baxımından bura albanların, udinlər və yəhudilərin yaşadığı ərazi olub. Ona görə də bu rayonlar mənim üçün çox maraq doğurur. Bu siyahıya Naxçıvanı da əlavə etmək lazımdır. Naxçıvanda iki dəfə olmuşam. Əlincə qalasına da getmişəm və çox gözəl təəssürat bağışlayıb. Düşünürəm ki, İsraildən gələn turistlər də burada olmalıdırlar. İnanıram ki, onlar da bu əraziyə səyahət edəcəklər. Gözəl rayonların siyahısına Lerik, Astara və digər rayonları da əlavə etmək lazımdır. Təəsüf ki, Göyçayda hələ olmamışam. Çox böyük məmnuniyyətlə ora da gedərdim. Noyabr ayında keçirilən nar festivalında iştirak etmək istəyirdim. Yaxın günlərdə səfər etdiyimiz rayonlardan biri Cəlilabaddır. Azərbaycanın bütün rayonarı çox maraqlıdır. Hər dəfə səfər edəndə yeni nəisə kəşf edirsən. Şamaxını, İsmayıllını və xüsusən İvanovka kəndini bu siyahıda qeyd etməmək olmaz.

- Cənab səfir, artıq iki ilə yaxındır Azərbaycandasınız. İlk gəldiyinizdə ölkəmiz haqqında hansı təəssüratlarınız var idi?

- Birinci dəfə Azərbaycana təyin olunanda bu ölkə haqında məlumatım yox idi. Çünki mənim karyeram başqa ölkələrlə, daha çox cənubi Asiya ilə bağlı idi. Hindistada 5 il səfir müavini, Nepalda 5 ildən artıq səfir olmuşam. Azərbaycana gələndə bu regionla tanış deyildim. Xarici vətəndaşı Azərbaycanda çox yaxşı qarşılayırlar. Ona görə də bura səfir təyin edilməyim mənim üçün həm siyasi, həm də şəxsi baxımdan çox maraqlı təyinatdır.

- İstərdim sonda müsahibəni bu sualla yekunlaşdıraq. İsrailin mərhum preidenti Şimon Peresin Ukraynada məşhur bir çıxışı olub. Həmin çıxışda o qeyd edirdi ki, arzularınızı və nailiyyətlərinizi sayın. Əgər arzularını nailiyyətlərinizdən çoxdursa, deməli gəncsiniz. Sualım belədir ki, bu yanaşma ilə Siz özünüzü cavan hesab edirsinizmi?

- (Gülür-red). Açığı bu suala hazır deyildim. Mənim ən böyük qorxum arzuların bitməsidir. Fikirləşirəm ki, arzular tükəndikdə, həyatın keyfiyyəti itir. Arzulara istək, ümid və planların üzərindəki çətir kimi baxsaq deyə bilərəm ki, mənim bura təyinatım bundan sonra da daha çox arzu etməyə imkan verir və böyük arzularım hələ də var. Sonda onu da qeyd edim ki, arzu etmək çox vacibdir amma nəyisə arzulayarkən öz yaşına və təcrübənə arxalanmaq lazımdır. Qazandığın təcrübədən də kənara çıxmaq olmaz. Çünki bu arzuları daha real olmağa imkan verir.

- Sizə şəxsi həyatınızda və diplomatik fəaliyyətnizdə uğurlar arzu edirəm.

- Belə səmimi müsahiblərimizin olması mənim üçün vacibdir. Arzu edirəm, arzularınız heç zaman tükənməsin.

Söhbətləşdi: Həsən Babayev