Şimali Koreya beynəlxalq ictimaiyyətin sözlərini, sanksiyalarını qulaqardı etməkdə davam edir.
Ölkə lideri Kim Çen In yeni raket sınağını həyata keçirib. Bu dəfə uzunmənzilli raket mühərrikinin sınağı həyata keçirilib. 
Pxenyanın rəsmi xəbər agentliyinin məlumatına görə, ölkə başçısı Kim Çen In "Sohae" kosmik mərkəzində keçirilən sınaqda şəxsən iştirak edib. 
O, bu silah sayəsində düşmənlərini vura biləcək daha böyük qüvvəyə sahib olduqlarını deyib. 
Pxenyan rəhbərliyi bu ilin əvvəlindən başlayaraq bir neçə dəfə bənzər sınaq həyata keçirib, hətta hidrogen bombasını belə atıb. 
6 yanvarda olan sınaqdan sonra BMT Təhlükəsizlik Şurası bir sıra sanksiyaların qəbulu haqqında qərar verib. Bu ölkədən kömür və dəmir alınması qadağan edilib, qızıl, titan və bənzər yeraltı sərvətlərin alınmasına məhdudiyyət qoyulub. Bundan başqa Şimali Koreyaya raket yanacağı da daxil olmaqla hava nəqliyyatı yanacağı, bahalı saatlar kimi lüks məhsulların satışı da qadağan edilib, ölkələrdən qeyri-leqal fəaliyyəti olduğu üzə çıxan koreyalı diplomatları deportasiya etmələri istənilir. 
Mart ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti nüvə silahını döyüş vəziyyətinə gətirib. Kim Çen In bu barədə sərəncam verib. "Koreya Xalq Demokratik Respublikası qabaqlayıcı zərbələrin endirilməsi imkanının əldə edilməsi məqsədilə özünün hərbi doktrinasına yenidən baxacaq", - deyə Kim Çen In bildirib.
 
anspress