Qoşunların təmas xəttində yerləşən Goranboyun kəndlərinə Ermənistan silahlı bölmələri tərəfindən ağır artilleriya qurğularından açılan atəş nəticəsində dəyən ziyanın məbləği araşdırılır.
Unikal.org xəbər verir ki, Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirov AZƏRTAC-a müsahibəsində bildirib ki, aprelin 2-dən etibarən erməni silahlı birləşmələrinin yaşayış məntəqələrini intensiv olaraq ağır texnikadan atəşə tutması nəticəsində rayonun infrastrukturu əsaslı dağıntıya məruz qalıb. Atışma nəticəsində rayonun üç kəndində 28 ev tamamilə dağılıb, 13 mənzilə, 2 iaşə obyektinə, 1 minik avtomobilinə, elektrik təsərrüfatına ciddi ziyan dəyib. Bundan başqa, sakinlərə məxsus 100 baş iri və xırdabuynuzlu heyvan tələf olub.
Rayon Fövqəladə Hallar Komissiyasının dağılan evlər və infrastrukturla bağlı ilkin məlumatına görə, düşmən atəşi zamanı rayonun Tapqaraqoyunlu, Zeyvə və Qarqucax kəndləri daha çox dağıntıya məruz qalıb. Hər üç kənddəki doqquz məktəbdə təhlükəsizlik baxımından dərslər tamamilə dayandırılıb. Hazırda komissiya üzvləri həmsərhəd kəndlərdə dəymiş ziyanın hesablanmasını həyata keçirir.