İyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür.

Unikal.org xəbər verir ki, bunu "News From Israel" portalına müsahibəsində İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münaisbətlər sahəsində ekspert Arye Qut deyib.

Onun sözlərinə görə, Ermənistanın mövcud cinayətkar klanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.

A.Qut bildirib ki, cəbhə xəttində növbəti gərginlik bir daha təsdiq edir ki, Ermənistan təcavüzkar ölkə olaraq sülhdə maraqlı deyil: "18 aylıq Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorçuluğunun və faşizminin qurbanları olub".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.