"Gül bayramı ilə əlaqədar xaricdən gül alınmayacaq, heç bir yer bəzədilməyəcək".
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Mayın 10-da Heydər Əliyevin doğum günü münasibətilə keçiriləcək Gül bayramında Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri, güləkmə mərasimi və abadlaşdırma iməcilikləri təşkil olunacaq. Bu məqsədlə əkiləcək güllər, çiçəklər Yaşıllaşdırma Birliyinin şitilxanalarında yetişdirilir.
Birlikdən o da bildirilib ki, bəzəmə işləri də olmayacaq. Parklarda indiyədək güllər-çiçəklər necə əkilibsə, həmin gün də ictimaiyyətin iştirakı ilə parklarda gül və çiçəklər əkiləcək.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Bu il Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar. Artıq ümumxalq bayramına çevrilmiş Gül bayramında hər bir Bakı sakini şəhərin bütün park, bağ və xiyabanlarının abadlaşdırılmasında yaxından iştirak edəcək, paytaxtımızın daha da gözəlləşməsinə, Avropanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfə verəcək. 
Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da hamını paytaxtın park, bağ və xiyabanlarında aparılan abadlaşdırma işlərinə qoşulmağa, fərqli-fərqli yaşıllıq və gül çələngləri, kompozisiyalar və s. fərdi yaradıcılıq vasitəsilə öz bədii fantaziya nümunələrini nümayiş etdirməyə dəvət edir.