Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası tərəfindən Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirilib.

Bu barədə Unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları öldürməsinə və işğalı davam etdirməsinə etiraz məqsədilə keçirilən aksiyada Polşada yaşayan azərbaycanlı gənclər iştirak ediblər.

Aksiyada çıxış edənlər xarici ölkələrdə, o cümlədən Polşada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, bu faciəli hadisə bütün dünya azərbaycanlılarının hiddətinə səbəb olub.

Etirazçılar Azərbaycanın Füzuli rayonunun Alxanlı kənd sakinləri - 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Ermənistanın təcavüzü və Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən etnik təmizləmə ilə bağlı məlumatların əks olunduğu bukletləri şəhər sakinlərinə paylayıblar. İştirakçılar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması, girovların dərhal azad edilməsi üçün beynəlxalq birliyi Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıblar.

Aksiyanın sonunda Polşadakı azərbaycanlı gənclər adından etiraz bəyanatı səfirliyə təqdim olunub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.