"Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əbdülrzak Şakahi Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilərək ona İzmit şəhərindən Liviyaya doğru yola çıxan və itkin düşən Azərbaycan respublikasının vətəndaşları ilə bağlı məlumat verilib və ondan bununla bağlı yardım göstərməsi xahiş edilib".
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu barədə Liviyaya doğru yola çıxan və dənizdə itkin düşən gəmiçilərdən biri Möhlüd Rəşidbəylinin valideynlərinin məktubuna XİN tərəfindən göndərilən məktubda yazılıb.
Nazirlik bildirib ki, Ə. Şakahi öz növbəsində Liviya dövlətinin Zuara şəhərinin üsyançıların nəzarətində olduğunu bildirərək azərbaycanlıların taleyinin öyrənilməsində səylərini əsirgəməyəcəyini bildirib".
Möhlüd Rəşidbəylinin anası İbadət Şükürova bildirdi ki, onlar övladlarının taleyindən nigarandırlar: "Heç kim heç bir məlumat vermir. Heç olmasa övladımın sağ olduğunu desələr, ürəyim təsəlli tapar".
Digər itkin düşən dənizçi Fərid Əliyevin qardaşı Zaur Əliyev də qardaşı barədə heç bir məlumatlarının  olmadığını  dedi.

İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı fevral ayının 20-də Liviyaya gəmi aparmaq üçün yola düşüblər və bir gün ailələrinə zəng vurublar. Dənizçilər müəyyən yol qət etdikdən sonra fırtınaya düşdüklərini deyiblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur. Onlar "Gebze Denizçilik" adlı şirkətlə əməkdaşlıq ediblər və şirkətə məxsus "Kalkanlar 1" adlı gəmini Liviyaya aparıb orada əvvəlcədən təyin edilmiş şəxsə təhvil vermək barədə razılığa gəliblər.


Hadisədən sonra ANS PRESS-ə açıqlama verən "Gəbzə Dənizçilik" şirkətinin əməkdaşı Ercan Dəliürək bildirmişdi ki, itkin düşən dənizçilər Yunanıstan sahillərdindədir. Lakin Türkiyə büromuzun araşdırmaları nəticəsində məlum olub ki, özünü şirkətin rəhbəri kimi qələmə verən Ercan Dəliürəkin "Kalkanlar 1" gəmisində itkin düşən azərbaycanlılar haqqında verdiyi açıqlamalar yalandır.

Məlum olub ki, şirkətin rəhbəri Albey Kalkan, icraçı direktoru isə Murad adlı şəxsdir. Ercan Dəliürək isə şirkətin kadrlar şöbəsinin əməkdaşıdır. Ercan Dəliürəkin itkin düşən azərbaycanlılarla bağlı Baş konsulluğa və ANS PRESS-ə verdiyi açıqlamalarda ziddiyyətli məqamlar var.

Maraqlıdır ki, nədənsə şirkət məsələni getdikcə uzadır, dəqiq məlumat verməkdən və şirkət rəhbərləri üzə çıxmaqdan boyun qaçırırlar.