"Torpağa yağış yağanda palçıq olur, ancaq şəhid qanı töküləndə vətən olur"

Vətən bir oğlunu, onlar isə ailənin yeganə övladını, ümidini, gələcəyini itirdilər. Söhbət  torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşlərdə şəhid olan 700 balla ali məktəbə daxil olan, evin tək oğlu şəhid Müşfiq Orucovun ailəsindən gedir. 



Unikal.org bildirir ki, Musavat.com-un müxbiri bu gün şəhidin evində olub və ailəsinin durumu ilə maraqlanıb. 
Şəhid Müşfiq Orucovun atası Arif Orucov deyir ki, yeganə təsəllisi torpaqlarımızın bir hissəsinin düşməndən təmizlənməsidir: "Ailəmiz üçün bu böyük faciədir. Sadəcə onunla təskinlik tapırıq ki, vətən uğrunda şəhid olub. Torpağa yağış yağanda palçıq olur, şəhid qanı töküləndə isə o vətən olur. Yeganə təsəllimiz oğlumuzun vətən yolunda şəhid olmasıdır. Çox istərdik ki, torpaqlarımız azad olsun və şəhidlərimizin qanı yerdə qalmasın. Ona həmişə qardaş deyirdim. Oğlum, balam demirdim. Həmişə  söhbət edəndə deyirdi ki, daha bezmişik, müharibə olsa gedərdik".

Arif Orucov digər şəhid ailələrinə də səbr dilədi: "Həmişə başlarını uca tutsunlar. Təsəlli tapsınlar ki, övladlarını  vətən uğrunda veriblər". 



Oğlunu torpağa verən, ağlamaqdan səsi batmış ananı dinləmək isə daha ağır oldu. Övladı ilə 3 gün öncə telefonda danışdığını deyən ana oğlunun məzuniyyətə gəlişinə hazırlaşdığını dedi: "Bir neçə günə məzuniyyətə gələcəkdi, həmişəlik gəldi, ömürlük məzuniyyətə gəldi oğlum. O qədər onu Şəhidlər Xiyabanına aparmışdım, o qədər gül qoymuşdu ki, o şəhidlərin qəbrinə... İndi özü də ucaldı o zirvəyə... Balamın ömrünün yarımçıq qalmasına heyfslənirəm. Həm də qürurlanıram ki, şəhid oldu. Nə zaman torpaqlar azad olsa,  o zaman rahat olaram, o zaman acım azalar. Bilərəm ki, müharibə bitib, bizdən sonrakı nəsillər bunu yaşamayacaq". 



Onu da əlavə edək ki, yüksək balla universitetə daxil olan, təhsil alan şəhidimiz çox çətin bir şəraitdə, maddi çətinliklərlə böyüyüb. İndi də ailəsi çox şəraitsiz bir evdə yaşayır. Şəhidimizin gözünün arxada qalmaması üçün onun ailəsinin mənzil şəraitinin də yaxşılaşdırılmasına ehtiyac var.
 
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.