"Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil".

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul zamanı bildirib. Prezident deyib:

 

"Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq.

Həmçinin sənaye potensialı yaradılmışdır. Lakin bu, kifayət deyil, çünki bizə iqtisadiyyatımızın qeyri-neft sektorunda daha surətli artım lazımdır. Bu səbəbdən, şaxələndirmə bir nömrəli məsələdir. Bununla yanaşı, yeni iş yerləri açılmalıdır. Çünki Azərbaycanın müsbət demoqrafik vəziyyəti ilə əlaqədar, biz hər il minlərlə, hətta on minlərlə iş yeri yaratmalıyıq, belə ki, əhali iş yerlərinin açılmasına nisbətdə daha sürətlə artır. Əhali artımı isə birmənalı olaraq, iqtisadi inkişafla bağlıdır. Əgər siz əhali artımının dinamikasına baxsanız, görərsiniz ki, o, Azərbaycanın iqtisadi vəziyyətinə tam uyğundur. Əlbəttə ki, gələcəkdə daha sürətli iqtisadi inkişafı planlaşdırırıq. Bu səbəbdən, iş yerlərinin açılması da təhsil islahatları ilə əlaqələndirilməlidir. Çünki hökumətin daha çox iqtisadi fəaliyyəti planlaşdırdığı sahələrdə bizə mütəxəssislər lazım olacaq. Bu vaxta qədər bizdə həmin əlaqələndirmə olmayıb. Bu səbəbdən müəyyən qeyri-tarazlıq müşahidə olunur. Bəzi sektorlarda mütəxəssislərimizin sayı lazım olmayan dərəcədə çoxdur və bizə lazım olan sahələrdə isə onlar çatışmır.

İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.

İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər.

Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır.

Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir".