ABŞ hər zaman Azərbaycanla dostluq münasibətlərinin qorunub saxlanılmasında maraqlıdır.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti görüşündə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert SEKUTA çıxışı zamanı deyib. 

-Çox sağ olun cənab Prezident. Amerika Ticarət Palatasının nümayəndələrinə söz verməzdən əvvəl, icazənizlə, bir neçə açılış qeydi etmək istərdim. Vaşinqtondakı müzakirələrinizi bizimlə paylaşdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi, bu görüşlər çox müsbət olmuşdur. Mənim hökumətim də Sizin kimi düşünür. Zənnimcə, görüşlər özlüyündə son məqsəd deyil, onlar uzun prosesin bir mərhələsi idi. ABŞ və Azərbaycan uzun illərdir ki, dostluq edirlər. Biz çətin məqamlarda Sizin yanınızda olmuşuq və indi də Sizə yardım etmək istəyirik.

Cənab Prezident, Sizin burada söylədikləriniz mənim üçün və eləcə də vəziyyətin aydınlaşdırılmasında çox faydalıdır. Amerika Ticarət Palatasının nümayəndələrinə söz verməzdən əvvəl bir neçə məsələni qeyd etmək istəyirəm. Bizim prezidentlərimiz - Prezident Obama, Prezident Corc Buş, Prezident Klinton, Prezident Reyqan uzun illərdir ki, belə bir biznes icmaları ilə dialoq aparırlar. Bəzi hallarda ümumi məsələlər, digər hallarda isə biznes icmasının qarşılaşdığı xüsusi problemlər müzakirə olunur.

Cənab Prezident, öz mövqeyinizi ifadə etdiyiniz və prioritet sahələri qeyd etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir. ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər. Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə Sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz Sizə yardımçı ola bilərik.

Bizim çoxlu diqqət yetirdiyimiz və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiyası ilə işləməyə çalışdığımız sahə. Yəqin ki, bilirsiniz, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım etmişdir. Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik. Hesab edirəm, bizim aşkar etdiyimiz əsas məsələ odur ki, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir.

Bununla da, cənab Prezident, sözü Ticarət Palatasının nümayəndələrinə vermək istəyirəm. Yenə də bu görüş üçün açıq olduğunuz və bu məsələlərə diqqət yetirdiyiniz üçün Sizə bir daha "çox sağ olun" demək istəyirəm. Vurğulamaq istəyirəm ki, Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, Sizin və bütün Azərbaycanın istəyidir.