Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük savaş" zamanı itkin düşmüş hesab olunan 18 erməni hərbçinin cənazələri Ermənistana aparılıb.
Unikal.org 1in.am-a istinadən bildirir ki, erməni hüquq müdafiəçisi Armine Sadikyanın dediyinə görə, Dağlıq Qarabağda hələ 10 erməni hərbçinin cəsədi tapılmayıb. Onlar barədə heç bir məlumat yoxdur.
"Həmin hərbçilər Astvasur Sarqsyan, Hovannes Harutyunyan, Serob Aleksanyan, Xaçik Xaçatryan və başqalarıdır. Gümrüdən olan, Cəbrayılda həlak olan komandir Alik Arakelyanla birlikdə olduğu deyilən Romadan da bir xəbər yoxdur. Gümrüdən olan Onikdən 10 gündür ki, valideynləri xəbər-ətər almayıbdar. Artur Yesayandan da valideynləri xəbər gözləyir", - A.Sadikyan deyib.
Ermənistanın Müdafiə Nazirliyi isə yalnız 23 yaşlı kapitan Arqişti Qaboyanın Talış kəndindəki döyüşlərdə itkin düşdüyünü bildirir.
Erməni hüquq-müdafiəçilərinin dediklərinə görə, ölkənin Müdafiə Nazirliyinin döyüşlərdə 78 hərbçinin həlak olması barədə açıqlaması yalandır.
Sosial şəbəkələrdə artıq 174 erməni hərbçinin həlak olduğu deyilir, onların ad-soyadları açıqlanır, fotoları dərc olunur. Döyüşlərdə 183 erməni hərbçinin yaralandığı vurğulanır.