21 Avqust 2019
20 Avqust 2019
"Ayaz Mtəllibovun siyasətə qayıtmağı mümkündür"
"Ayaz Mtəllibovun siyasətə qayıtmağı mümkündür" MÜSAHİBƏ 12:28 2012-07-21

"Ayaz Mtəllibovun siyasətə qayıtmağı mümkündür"
"Ayaz Mtəllibovun siyasətə qayıtmağı mümkündür"

Hikmət Hacızadə: "Xalqın səviyyəsi necədirsə, müxalifətin də səviyyəsi odur"

-Əvvəlcə, ənənəvi sual: ölkənin hazırkı ictimai-siyasi durumunu necə qiymətləndirirsiniz?
-Azərbaycanda ictimai-siyasi vəziyyət gərgindir. Mən belə deyərdim. Mən "ölkədəki durum gərgindir" deyəndə müxalifət-iqtidar, cəmiyyət-iqtidar münasibətlərini nəzərdə tutmuram. Hətta əhalinin sosial-maddi vəziyyətini də vurğulamıram. Onu nəzərdə tuturam ki, bütövlükdə Azərbaycan cəmiyyəti öz gələcəyini xərcləməklə məşğuldur. Bunu deyərkən ölkənin ən böyük təbii sərvəti olan neft-qaz ehtiyatlarının düşünülməmiş şəkildə sürətlə istismarını və bu istismardan əldə edilən maddi vəsaitlərin iqtisadi strategiya baxımından səmərəli şəkildə sərf edilməməsini ön plana çəkirəm. Həm də onu nəzərdə tuturam ki, Azərbaycan qeyri-azad ölkələr siyahısındadır. Hazırda Azərbaycan dünyada ən çox korrupsiyalaşmış ölkələrdən biri sayılır və Prezident İlham Əliyev də bunu bu yaxınlarda Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilmiş iclasdakı çıxışında da vurğuladı.
Hazırda məni bir ziyalı kimi narahat edən əsas məsələlərdən biri də, bayaq dediyim kimi, neft pullarının düzgün yönəldilməməsidir. Biz başa düşmürük ki, gələcək nəsillərin də pullarını xərcləyirik. Axı bu neft təkcə bizim sərvətimiz deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu da ondan irəli gəlir ki, ölkəmiz düzgün istiqamətdə inkişaf eləmir. Biz gələcək nəsillərin neftini yeməklə məşğuluq. Neft qurtarandan sonra nələr olacaq, bilinmir. Sualınızın cavabı budur, yəni vəziyyət belədir.
-Amma bütün bunların müqabilində Azərbaycan cəmiyyəti özünü çox rahat hiss edir...
-Ona görə rahat hiss edir ki, mayadan, yəni neftdən yeyir, gələcək nəslin cibindən götürüb xərcləyir. Və bundan da doymurlar, sabahı düşünmürlər. Övladının, nəvəsinin gələcəyini düşünməyən insana daha nə deyəsən? Görünür, Azərbaycan insanında belə bir təsəvvür var ki, neft qiyamət gününə qədər tükənmək bilməyəcək bir sonsuz axındır, hüdudu olmayan təbii sərvətdir. Amma belə deyil. Bizim qiyamət günümüz ölkədən neft tükənəndə başlanacaq.
-Danışığınızdan belə çıxır ki, artıq təkcə elita, yəni iqtidar deyil, bütövlükdə Azərbaycan cəmiyyəti "tükənməz" neftə arxayın olub?
-Bəli, bəli. Azərbaycan cəmiyyəti neftə arxayındır və hələ ki neftdən yeyib başını saxlayır. Özü də gələcəyin neftini yeyir. Özümüzünkünü yeyib qurtarmışıq, indi də gələcəyin neftini yeyirik. Yəni neftin o hissəsini ki, gələcək nəsillərə miras qalmalıydı.
-Siz müsavatçı olsanız da, ölkədə baş verənlərə partiya prizmasından yanaşmırsınız. Azərbaycan müxalifətinin səviyyəsi və fəaliyyəti Sizi qane edirmi?
-Bilirsiniz, mən, əlbəttə, istəyərdim ki, onlar daha da yaxşı səviyyəyə malik olsunlar. Ancaq ilk növbədə qeyd edilməlidir ki, ölkəmiz, ölkədəki rejim keçmiş Sovet İttifaqındakı rejimə çox bənzəyir. Və belə bir atmosferada müxalifətin siyasi bir institut halına gəlməsi, normal fəaliyyət göstərməsi mümkün deyil. Belə bir situasiyada müstəqil siyasi fəaliyyətlə məşğul olmaq mümkün deyil. Ölkədə hər şey duiskriminasiya olunub, peressiyaya məruz qalıb. Belə ölkələrdə ancaq Saxarov, Soljenitsın, Mandela tipli dissidentlər kimi yaşamaq və fəaliyyət göstərmək mümkün ola bilər. Yəni indiki şəraitdə dissidentlik eləmək, söz sahibi olmaq, yüksək əxlaq sahibi olmaq qalır adama. Başqa cür mümkün deyil. Burada hansısa siyasi fəaliyyət, normal seçkilərin keçirilməsi hələ ki, utopiyalar dünyasından sayılmalıdır. Və bizim bütün müxalifət keçmiş SSRİ-də olduğu kimi dissident klublarına dönüb. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, heç olmasa, bunlar var, hələ dağılmayıblar, satılmayıblar. Satılanlar da var, amma çoxusu satılmayıb, ölkədən qaçmayıb. Buna şükür etmək lazımdır. Əfsuslar olsun ki, vəziyyət belə faciəvidir. Ona görə də meydanda təkbaşına qalıb xalqa həqiqəti söyləmək şərəfli işdir. Mən bu vəziyyəti başa düşürəm və onları dəstəkləyirəm və onların qarşısında baş əyirəm ki, hələ ayaq üstədirlər.
-Sizə elə gəlmir ki, müxalifət mənsubları söz azadlığına münasibətdə öz rəqiblərindən heç nə ilə fərqlənmirlər? Müxalifət funksionerləri media mənsublarını dəfələrlə təhqir ediblər... Axı müxalifət tamamilə yeni bir iş və təfəkkür üslubu sərgiləməlidir ki, onun nələrə müxalif olduğu bilinsin... Daha bunun nəyi müxaliflik oldu?
-Belə şeylər olur. Bunlar xırda məsələlərdir. Müxalifət... Yox, sən sualı düz qoymadın. Yəni demək istəyirsən ki, demokratik siyasətçi qeyri-demokratik siyasətçidən fərqlənməlidir? Bunu demək istəyirsən?
-Bəli.
-Bu fikirlə razıyam. Bəli, elə olmalıdır. Hərdən mərifətsizlik olur. Mən belə halları pisləyirəm...
-Hərdən olur, yoxsa xarakterikdir?
-Yox, xarakterik deyil. Amma ümumən millətin səviyyəsi belədir də. Özgəsinin fikrinə qarşı dözümsüzük. Unutmayaq ki, Azərbaycan müxalifəti elə bu cəmiyyətin bətnindən göyərib və toplumun bütün özəlliklərini özündə mütləq əks etdirməlidir. Bu özəlliklərə isə cəmiyyətin bütün xüsusiyyətlərini - həm müsbət, həm də neqativ cəhətlərini aid etmək lazımdır. Müxalifət bu cəmiyyətin övladıdır. Elə iqtidar da.
-Eks-prezsident Ayaz Mütəllibov ölkəyə qayıdandan sonra bəyanat verdi ki, daha siyasi fəaliyyətlə məşğul olmayacaq. Amma son məlumatlara görə, o, artıq Bakı kəndlərini əhatə edən ictimai birlik yaratmaqla məşğuldur. Ümumiyyətlə, necə düşünürsünüz, ölkə siyasətində "Ayaz Mütəllibov perspektivi" varmı?
-Prinsipcə mümkündür. Sizə onu deyim ki, Azərbaycanda hələ çox sular axacaq. Durub deyək ki, yox, Ayaz Mütəllibov heç bir situasiyada heç nə eləməyəcək, bu, düzgün olmaz. Ölkədə ara elə qarışa bilər ki, Mütəllibov da gələ bilər, hətta Əbdürrəhman Vəzirov da.
-Eləmi?
-Əlbəttə ki. Həyatda, siyasətdə min cürə hadisələr olur. Azərbaycan kimi balaca, amma təbii sərvətlərlə zəngin ölkələrin siyasi baxımdan gələcəyini proqnozlaşdırmaq bir az zor məsələdir.
-Bu bir faktdır ki, Azərbaycanda klassik siyasi institutlardan daha çox regional maliyyə qruplarının maraqları toqquşur və bu amil həlledici olur. Son zamanlar hakmiyyətdəki naxçıvanlı-ermənistanlı qruplaşmasının digər yeni qruplşama tərəfindən sıxışdırıldığı açıqca hiss olunur. Bu müstəvidə yanaşanda Mütəllibovun siyasətə qayıtma şansları yüksələ bilərmi?
-Birincisi, Ayaz Mütəllibov xeyli yaşlanıb. Həm də o, söz verib ki, daha siyasətlə məşğul olmayacaq. Amma yenə də təkrar edirəm, onun siyasətə dönməyəcəyi barədə yüz faizli qəti fikir söyləmək olmaz. Hər şey hadisələrin gedişindən asılı olacaq. Elə bir situasiya yarana bilər ki, o istər-istəməz aktivləşməyə başlayar.
-Azərbaycanın Rusiyadakı keçmiş səfiri kimi rus siyasətinin "mətbəxi"nə bələdsiniz. Azərbaycan Rusiya ilə hansı sövdələşməyə gedə bilər ki, Rusiya Dağlıq Qarabağ probleminin ədalətli həllinə mane olmasın?
-Qısa və konkret şəkildə desək, vurğuladığınız sövdələşmə belə olmalıdır: Azərbaycan hazırda öz ərazisinin 20 %-ni itirib, qalan səksən faizi də Rusiyaya verməlidir ki, onda, bəlkə, Qarabağı bizə qaytara. O da "bəlkə"! Bax, Rusiya bizdən bunu istəyir. Aydındır?
-Səbəbi?
-Səbəbi budur ki, zəbt etmək. Azərbaycanı, Gürcüstanı və bütün Cənubi Qafqaz regionunu zəbt eləmək, yenidən tam nəzarətə götürmək, buradan "dolya" almaq. Türkiyəni və NATO-nu bu bölgəyə buraxmamaqdır səbəbi. Bəlkə, bundan sonra Rusiya sakitləşə. Amma indiki mərhələdə Cənubi Qafqazda qüvvələr nisbəti müəyyənləşib və fövqəladə hadislər baş verməsə, uzun müddət belə də davam edəcək. Onu demək istəyirəm ki, Qərbin kommersiya strukturları həm Azərbaycanda, həm də Gürcüstanda kifayət qədər möhkəmlənib. Azərbaycan həm də Qərb dövlətləri üçün mühüm kommunikasiya ölkəsi kimi ciddi əhəmiyyət kəsb edir. Buna görə də Avropa Birliyi və Birləşmiş Ştatlar Cənubi Qafqazda indiyə qədər əldə etdiyi mövqeləri heç vəchlə əldən vermək istəməyəcək. Rusiya isə SSRİ-nin dağılması nəticəsində burada itirdiklərini yenidən geri qaytarmaq istəyir. Əslində, Dağlıq Qarabağ probelmi çoxdan Ermənistan-Azərbaycan məxrəcindən çıxaraq bu bölgədə Qərb-Rusiya qarşıdurmasına çevrilib. Ona görə də Dağlıq Qarabağ probleminin yaxın perspektivdə həll ediləcəyinə inanmıram.
-Suriyada proseslər artıq sona yaxınlaşır. Çox güman ki, Bəşər Əsədin də taleyi Səddam Hüseynin, Qəddafinin, Mübarəkin taleyi kimi olacaq. Amma burada digər maraqlı detal budur ki, Suriyada Əsədlə bərabər İran da uduzur. Suriya "finalı"ndan sonra İranın halı necə olacaq?
-Suriyadan sonra İranın durumu çox pis olacaq. Yaxın Şərqdə növbəti böyük hadisələrin İranda başlaması ehtimalı çox yüksəkdir. Əlbəttə ki, əgər İran öz nüvə bombasından əl çəkmək istəməsə. Hazırda söhbət bundan gedir. İrana beynəlxalq birlik tərəfindən çox güclü sanksiyalar tətbiq edilib və fikrimcə, bu tədbirlər İran iqtisadiyyatını artıq məhv etmək üzrədir. Proseslər bu tempdə davam etsə, İrana qarşı hərbi müdaxilə çox da uzaqda deyil. Həmin sanksiyalar nəticəsində elə bir vəziyyət formalaşıb ki, İran daha öz neftini sata bilmir. Onu da bilirsiniz ki, İranın başlıca gəlir mənbəyi neft və qazla bağlıdır və dünya İranı bu gəlir mənbəyindən məhrum etmək üzrədir. İran bir dövlət kimi tam şəkildə iflasa uğraya bilər. Ola bilər ki, Fars körfəzində yaxın gələcəkdə müəyyən miqyasda hərbi toqquşmalar qeydə alınsın. Bu regionda vəziyyət kifayət qədər gərginləşib və bu yöndə hər şey gözləmək olar.
Söhbətləşdi: Savalan