"İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməliyik. Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, islam ölkələridir. Dostları çoxaltmalı, düşmənləri azaltmalıyıq. Bugünkü zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm".
Unikal.org APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı deyib.
R. T. Ərdoğan bildirib ki, hazırda İŞİD, "Boko Haram", "əş Şahab" qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkirlər: "Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləmişik".
R. T. Ərdoğan Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma sərgiləndiyini söyləyib: "Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu terror aktlarında yüzlərlə insan öldü. Fərqi yoxdur, bir insan da ölsə, bütün insanlığın ölümüdür. Lakin Paris, Brüsseldəki terrordan danışanlar niyə İstanbul, Ankara, Lahordakı terroru demirlər? Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram".
Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb: "Türkiyə bu sahədə işlərin təşkilatlandırılmasının tərəfdarıdır. Eyni formada Səudiyyə Ərəbistanının başçılığı ilə qurulan İslam İttifaqını dəstəkləyirik. İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər".