Siracəddin Cabbarovun özünümüdafiə planı
Siracəddin Cabbarovun özünümüdafiə planı
İcra başçısı rayondakı mümkün etirazları hansı yolla səngitmək istəyib?

Bu günlərdə məlumat yayıldı ki, Saatlı rayon icra hakimiyyətinin başçısını döymək istəyən rayon sakini həbs edilib. Məlumatlarda bildirilirdi ki, iyulun 13-də Saatlı rayon sakini Rzayev Mirabad Seyidrza oğlunun rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən sonuncuya qarşı zor tətbiq etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Rəsmi bilgilərə görə, araşdırmalar zamanı müəyyən edilib ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov qeyd edilən tarixdə saat 11.00 radələrində rayon icra hakimiyyətinin inzibati binasının iclas zalında vətəndaşları qəbul edərkən M. Rzayev onun pencəyinin yaxasından və qolundan tutub dartaraq vurmağa cəhd etməklə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib.
M. Rzayevin barəsində Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rayonda gəzən iddialara görə isə guya döyülməsi ilə bağlı məsələni məhz icra başçısının özü şişirdib. Məqsəd isə şikayətçinin həbsinə nail olmaqla Saatlıda icra başçısından narazılıqları səngitməkdir.
Yerli sakinlər arasında belə fikirlər dolaşır ki, Saatlıda sosial-iqtisadi durumun ağır olması, məlum Kür daşqınlarından sonra xeyli insanın hələ də evsiz-eşiksiz qalması, onlara çatmalı olan kompensasiyalarla bağlı mənimsəmə şübhələri və s. əhali arasında kəskin etiraz əhval-ruhiyyəsi formalaşdırıb. O da təsadüfi deyil ki, bu ilin martındakı məlum Quba üsyanından sonr analoji proseslərin digər rayonlara da sıçramaq ehtimalından danışılır və buna ən real namizəd kimi məhz Saatlı rayonu göstərilirdi.
Bütün bunların icra başçısında ciddi narahatlıqlar doğurduğunu deyən Saatlıdakı mənbələr hesab edirlər ki, rayonda əhalinin hər an özünə qarşı etirazlara başlaya biləcəyi qorxusu Siracəddin Cabbarovu önləyici tədbirə əl atmağa məcbur edib. Şikayətçinin həbsinin rayonda icra başçısından qorxu mühiti yaratmağa hesablandığını düşünənlər onu da əlavə edirlər ki, cənab Cabbarov narazı sakinlərə "məndən şikayətlənənin, mənə etiraza qalxanın axırı həbsdir" mesajı verməyə çalışır.
Murad Can