"Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq erməni tərəfə əl uzatmaq deməkdir"
"Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq erməni tərəfə əl uzatmaq deməkdir"

"Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada erməni tərəfinə əl uzatmaqdır".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

YAP rəsmisinin fikrincə, Ermənistan işğalçı bir dövlətdir və işğalçı siyasəti həyata keçirmiş bir siyasi partiyanın nümayəndələri ilə bir masa arxasında oturub bunu da şişirdərək guya Müsavat Partiyasının beynəlxalq aləmdə uğuru kimi göstərmək gülüncdür: "Müxalifətçilər Erməni Ümummilli Hərəkatı ilə 2010-cu ildə imzalanmış sənədin sadəcə, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlığı nəzərdə tutduğunu bildirirdilər və burada milli maraqlara zidd məsələ olmadığını iddia edirdilər. Amma nəzərə almaq lazımdır ki, Erməni Ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu partiyanın sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən siyasi qüvvə ilə əməkdaşlığı milli maraqlarımıza uyğun hesab etmək olarmı? Əlbəttə, yox. Əslində, İsa Qəmbər və onun tərəfdarlarının Müsavat ideologiyasına vurduğu zərbəni heç kim vurmayıb. Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, bu yöndə hər kəslə əməkdaşlıq etməyə hazırdırlar".
M. Qurbanlı müxalifəti xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər etməkdə və danos yazmaqda ittiham edib: " Onların nə qədər milli maraqlara zidd mövqe tutduğunu hamı "Eurovision" yarışması günlərində gördü. O zaman bir daha özlərinin əsl simalarını nümayiş etdirdilər. Milli maraq hər bir kəsi xalqına, millətinə bağlamalıdır. Məhz ona görə də, bu müxalifət xalq tərəfindən inkar edilir. Mən hətta onları məsciddən qovulmuşlar adlandırıram".