"Cəmil Həsənli haradan bilir ki..."
"Cəmil Həsənli haradan bilir ki..."
Cəmil Quliyev: "Rüstəm İbrahimbəyovun
kifayət qədər savadı və pulu var ki, özünə
vəkil tutsun, onun Mehriban Vəzir və Cəmil Həsənlinin vəkilliyinə ehtiyacı yoxdur"

"Mehriban Vəzir və Cəmil Həsənli yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı cəmiyyətdə mənfi rəy yaratmaq üçün müxtəlif yollara əl atırlar".
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ona qarşı ünvanlanan ittihamları belə şərh edib. Mehriban Vəzir və Cəmil Həsənlinin ona qarşı ittihamlarını cavablandıran Cəmil Quliyev bildirib ki, onların əl atdığı yollardan biri Rüstəm İbrahimbəyovun müdafiəsini təşkil etməkdir: "Rüstəm İbrahimbəyovun onların vəkilliyinə ehtiyacı yoxdur, onun kifayət qədər savadı və vəsaiti var ki, özünə vəkil tutsun. Mehriban Vəzir və Cəmil Həsənliyə bir neçə tövsiyəm var. Birincisi, siyasətlə sənət arasında böyük fərq var, onlar bunu unutmasınlar. Siyasətdə aparılan oyunlar sənətdə keçmir. Kino sənətinin xüsusiyyətlərini və Kinematoqrafçılar İttifaqının daxilində gedən prosesləri yaxşı öyrənib sonra insanları ittiham etmək lazımdır. Bizim ünvanımıza boş-boşuna ittiham yağdırmasınlar. Bu, insanlarda gülüş doğurur. Cəmil Həsənli deyir ki, guya mən və Oqtay Mirqasımov heç vaxt İttifaqın iclaslarında problem haqqında danışmamışıq. Cəmil Həsənli haradan bilir ki, biz iclasımızda problem haqqında danışmışıq, ya yox? Yoxsa bizim iclaslarda İttifaqın katibi kimi iştirak etmisiniz? Siz yalnız Rüstəm İbrahimbəyovun bağında və evində məclislərdə iştirak edibsiniz və ondan bizə qarşı təlimatlar alıbsınız. Bunu hamı bilir".
Quliyev bildirib ki, Oqtay Mirqasımov dəfələrlə iclaslarda Rüstəm İbrahimbəyovun apardığı siyasəti tənqid edib, lakin İttifaqın katibləri onu heç vaxt dəstəkləməyib və o etiraz edərək İttifaqın iclaslarında daha iştirak etməyib.
"Bunun əvəzində Oqtay Mirqasımova qarşı İttifaqda kampaniya aparılıb. İmzalar toplanılıb və 2008-ci il İttifaqın qurultayında İttifaqın siyasətini tənqid etdiyinə görə Oqtay Mirqasımov katib seçilməyib. İttifaqda hər zaman demokratiya və açıq sözə qarşı mübarizə aparılıb. 2001-ci ildə mən və Vaqif Mustafayev Azərbaycan kinoteatrında keçirilən konfransda İttifaqın apardığı siyasəti ciddi tənqid etdik. Təxminən bir neçə aydan sonra Rüstəm İbrahimbəyov öz əlaqələri vasitəsilə məni "Yaddaş" dövlət kinostudiyasından işdən çıxartdırdı. İttifaqın 2 il bundan qabaq keçirilən iclasında mən Rüstəm İbrahimbəyova söylədim ki, iclaslarda siyasi məsələlərə qətiyyən toxunmaq olmaz. Bu, yaradıcı ittifaqdır və yaradıcı işlərlə məşğul olmalıdır. Etiraz edərək mən ondan sonra İttifaqın heç bir iclasında iştirak etmədim", - Dövlət Film Fondunun direktoru vurğulayıb.
Quliyev Mehriban Vəzirin ittihamlarını da cavablandırıb: "Mənim Rüstəm İbrahimbəyovla yaş fərqim o qədər də çox deyil. Öz mövqeyimi bildirməyə yaş fərqinin heç bir dəxli yoxdur. Deyirsiniz ki, mənim yaradıcılığım Rüstəm İbrahimbəyovun yaradıcılığı ilə yanaşı dura bilməz. Mən sizə demək istərdim ki, kino sahəsində savadım kifayət qədər çoxdur. Savadım olmasaydı, Rüstəm İbrahimbəyov məni Kinematoqrafçılar İttifaqının katibi seçməzdi. Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top atıb Kinematoqrafçılar İttifaqını parçaladı. Mən sadəcə, öz mövqeyimi bildirmişəm. Biz yeni təşkilatıq, bu təşkilatın fəaliyyəti çoxunu narahat edir, çünki biz işləyəcəyik və köhnə ittifaqın fəaliyyətsizliyi üzə çıxacaq".
Qeyd edək ki, Mehriban Vəzir mətbuata açıqlamasında bildirib ki, Cəmil Quliyev İbrahimbəyovdan qat-qat cavandır və yaradıcılığı müqayisəyə gəlmir. Özündən çox yuxarıda dayanana daş atmağa başlayır. Cəmil Həsənli isə mətbuata açıqlamasında deyib ki, Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında baş verənlərə heç vaxt etiraz etməyib.