24 Avqust 2019
"Azərbaycan mediasında professionallıq problemi yoxdur"
"Azərbaycan mediasında professionallıq problemi yoxdur" MÜSAHİBƏ 11:14 2012-07-24

"Azərbaycan mediasında professionallıq problemi yoxdur"
"Azərbaycan mediasında professionallıq problemi yoxdur"
Müşfiq Ələsgərli: "Azərbaycandakı medianın problemlərinin həlli üçün təkcə
media ictimaiyyəti deyil, Azərbaycan dövləti də müvafiq addımlar atır"

Ölkə mediası iki gün öncə özünün peşə bayramını qeyd etdi. Azərbaycan çap mediasının hazırda rastlaşdığı problemlərlə bağlı suallarımızı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırır.

-Müşfiq müəllim, Azərbaycan mətbuatının dünəni, bu günü və sabahı deyəndə Sizdə hansı təəssüratlar yaranır?
-Azərbaycan mətbuatının bu günki durumundan danışanda qeyd etməliyik ki, bu mətbuat artıq ümumdünya media sferasına daxil olub və Azərbaycan mediasının inkişafı dünya mediasının inkişaf tendensiyalarına uyğundur. Yəni bir neçə il bundan əvvəl biz Azərbaycan mediasının spesifik problemlərindən danışırdıq. Tutaq ki, Azərbaycanda medianın qanunvericilik bazasının formalaşdırılması, medianın inkişafına mane olan problemlər, bir neçə illər bundan öncə senzuranın doğurduğu məhdudiyyətlər, medianın özünü tənzimləmə mexanizminin yaradılması və s. Yəni bir sıra probelmlər var idi ki, onlar ancaq Azərbaycan reallığının meydana çıxardığı məsələlər idi və biz bunların aradan qaldırılması üçün cəhdlər göstərirdik. Şükürlər olsun ki, həmin problemlər aradan qaldırılıb və bu gün Azərbaycan mediası həmin texniki problemlər mərhələsini aşa bilib. İndi isə Azərbaycan mediasında mövcud olan problemlər artıq qlobal problemlərdir. Qeyd edilməlidir ki, bütün dünyadakı jurnalistlər həmin problemlərlə bu və ya digər dərəcədə üzləşməli olurlar. Bu məqamda söhbət hansı problemlərdən gerdir? Söhbət birinci növbədə ənənəvi çap mediasının getdikcə zəifləməsi və gündəmdən çıxmasından gedir. Bu, dünya mediası üçün ciddi problemə çevrilib və təkcə Azərbaycanın problemi deyil, bütün dünyada eyni tendensiya müşahidə olunur. Oxucu yaxşı bilir ki, çap mediası deyəndə, əsasən, qəzetlər və jurnallar nəzərdə tutulur. Problem isə onların sıxışdırılması və gündəmdən çıxarılması və yerini daha mobil media qurumlarına tərk etməsindədir. Buna uyğun olaraq da bəzi problemlər yaranmağa başlayıb. Məsələn, çap mediasının yayımında. Bu da onunla bağlıdır ki, bütün dünya üzrə ortalığa qoyulan layihələrin çoxusu artıq elektron və ya on-layn mediası ilə bağlı olur. Ona görə də çap mediası yavaş-yavaş öz mövqelərini medianın digər qollarına təhvil verməli olur. Bu, bütün dünya mediasında olduqca ciddi problemdir və yenə də təkrar edirəm, təkcə Azərbaycan mediasının problemi deyil. Dünya mediasında müşahidə olunan digər kəskin problem jurnalistlərin təhlükəsizliyi və peşə fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi, dünyanın qaynar nöqtələrində işləyən həmkarlarımız hücumlara və fiziki təhdidlərə məruz qalırlar və bəzən bu epizodların sonu faciləli şəkildə başa çatır. Hazırda dünya jurnalistikası üçün ən mühüm məsələlərdən biri də informasiyanın operativ şəkildə əldə edilməsidir. Bu sonuncu da tək Azərbaycanda qeydə alınan problem deyil, demək olar ki, bütün dünya mediası məmurlardan və məsul şəxslərdən bu baxımdan gileylidir. Dünyada jurnalistikanın və jurnalistlərin problemlərini müntəzəm şəkildə araşdıran beynəlxalq qurumlar var ki, onlar jurnalistlərin təhlükəsizliyi baxımından artıq "SOS!" siqnalları verməyə başlayıblar. Məlum olduğu kimi, jurnalistika riskli peşələr sırasında yer tutur və təəssüf ki, bütün dünyada jurnalstlərin döyülməsi, öldürülməsi, həbsxanalara atılması və s. kimi hallar hələ də mövcuddur. Bir daha vurğulayıram ki, bu, tək Azərbaycana məxsus hallar deyil. Bax, bu cür problemlərin aradan qaldırılması üçün dünya miqyasında fasiləsiz şəkildə işlər aparılır, cəhdlər göstərilir. Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycanda yuxarıda sadalanan hallar tamamilə aradan qalxıb, mediamız beynəlxalq medianın tərkib hissəsinə çevrilib. Müəyyən problemlərimiz varsa da, bunlar ümumdünya mediasının problemləri ilə eyniyyət təşkil edir.
Bir uğuru da qeyd etməliyik ki, Azərbaycandakı medianın problemlərinin həll edilıməsi üçün təkcə media ictimaiyyəti, yəni təsisçilər, redaktorlar, işə götürənlər və sıravi jurnalistlər deyil, eyni zamanda Azərbaycan dövləti və hakimiyyəti də mediada mövcud olan problemləri dəyərləndirir və onların həlli üçün addımlar atır. Məsələn, Azərbaycan postsovet ölkələrində yeganə ölkədir ki, medianın inkişafına yardım göstərmək üçün dövlət dəstəyi konsepsiyası qəbul edilib və bu məqsədlə dövlət fondu yaradılıb. Fond vasitəsilə media qurumlarına həm konsultativ, həm texniki, həm də maddi yardım göstərilir ki, ölkə mediası öz problemlərini həll edə bilsin. Bu, çox ciddi nailiyyətdir və hesab edirik ki, gələcəkdə də dövlətin ölkə mediasına bu cür qayğıları davam edəcək.
-Ölkə qanunvericiliyi baxımından istənilən jurnalist Prezidentdən başlamış sıravi məmura qədər hər kəs barədə arqumentli tənqidi yazılar yaza bilər. Mediamız professionallığı gözləmək baxımından bu imkandan lazımi şəkildə yararlana bilirmi? Qanuna sui-istifadəli münasibət yoxdur ki?
-Professionallıq məsələsi Azərbaycan mediasının problemli tərəflərindən biridir. Azərbaycan jurnalistlərini kəmiyyət baxımından saf-çürük edəndə qeyri ixtisas sahibi olub, amma jurnalist kimi çalışanlar ixtisasca juranlist olanlardan çoxluq təşkil edirlər. Bunun da ən müxtəlif səbəbləri var. Ölkədəki müxtəlif jurnalist qurumları, siyasi qurumlar bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirir. Əsas fikir də bundan ibarətdir ki, Azərbaycan jurnalistlərinin professionallaşmasına ciddi ehtiyac var. Amma jurnalistlərin həmkarlar ittifaqı olaraq biz hesab edirik və həmişə deyirik ki, Azərbaycan mediasında professionallıq problemi yoxdur. Və ardınca bildiririk ki, Azərbaycan mediasında çalışan juranlistləri yaşatmaq, saxlamaq və onların təcrübəsindən istifadə etmək problemi var. Və əsas diqqətimizi bu istiqamətə yönəltməliyik. Sizə elementar bir misal çəkirəm. Biz Azərbaycamn mediasını daim diqqət mərkəzində saxlayır, müəyyən mövzularla bağlı monitorinqlər təşkil edir və toplanmış materiallar əsasında hesabatlar hazırlayırıq. Onu da bildirim ki, ölkə üzrə jurnalistlərin aylıq orta gəliri 350-400 manat civarındadır. Hələ hesab edin ki, əvvəlki illərlə müqayisədə bu göstərici nisbətən yaxşılaşmış göstəricidir. Bu rəqəm 2008-ci ilə qədər 150-200 manat civarında tərəddüd edirdi. Bax, gəlin, indiki orta hesabı götürək - 350-400 manatı. 400 manatla hansı professional jurnalistdən və onun babat dolanışığından söhbət gedə bilər? Nəzərə alaq ki, ölkədəki, xüsusən də paytaxtdakı jurnalistlərin böyük əksəriyyəti kirayədə yaşayır və jurnalistin aylıq gəlirinin böyük hissəsi kommunal xərclərə sərf edilir. Axı jurnalistlər də bu cəmiyyətin üzvüdürlər və cəmiyyətin digər təbəqələri ilə ünsiyyətdədirlər. Onların da külli miqdarda məişət problemləri mövcuddur. Bütün sadaladıqlarımı nəzərə alanda jurnalistlərin əməkhaqları ilə yaşayış şəraiti arasında bir disbalans, qeyri-mütənasiblik yaranır. Ona görə də Azərbaycan mediasında professionallığın səviyyəsini artırmaq üçün media mənsublarının əməkhaqlarında yüksəlişə doğru ciddi şəkildə dəyişikliklər olmalıdır. Onların əmək şəraiti yaxşılaşdırılmalıdır. Bu problemlər həll edilləndən sonra professional jurnalistlərin mediaya qayıdışı sürətlənəcək. Bu gün ölkəmizdə kifayət qədər professional jurnalistlər var, amma onlar yetkin professionallıq səviyyəsinə yetişəndə əməkhaqqının azlığı və yaxud da hansısa səbəblər üzündən media sahəsini tərk edib gedirlər və onların yerlərini az təcrübəlilər tutur və bu da ölkə mediasının ümumi səviyyəsinə güclü şəkildə təsir edir. Ona görə də Azərbaycan mediasında keyfiyyət baxımından güclü dəyişikliklər əldə etmək üçün jurnalistlərin həyat şəraitini, sosial durumunu yaxşılaşdırmaq ən aktual problemlərimizdən biri olaraq qalmaqdadır. Fikrimcə, yaxın illərdə bütün qurumların və dəxli olan fiziki, hüquqi subyektlərin əsas diqqəti bu istiqamətə yönəlməlidir. Yaxşıdır ki, bu istiqamətdə iş davam edir. Son iki ildə KİVDDF müxtəlif nazirliklərlə, müxtəlif icra hakimiyyətləri ilə birlikdə, yaxud da ki özü fərqli jurnalist müsabiqələri, kampaniyalar təşkil edir və bu kampaniyalarda da jurnalistlər iştirak edib qalib gələrək müəyyən qədər maddi qazanclar əldə edirlər. Bu yaxşı hal olsa da, məsələnin bir tərəfidir. İkinci tərəf ondan ibarətdir ki, redaksiyaların özlərinin gəlirləri artmalı və genişlənməlidir. Bu zaman istər-istəməz redaksiyadakı əməkdaşların əməkhaqları da artacaq. Bu istiq amətdə KİVDDF əlindən gələni edir, amma bütün problemlərin bu fondun hesabına həll ediləcəyini düşünmək və bunu gözləmək də düzgün deyil. Qəzetlər də çalışmalıdırlar ki, öz menecment işlərində müsbət dəyişikliklərə nail olsunlar. Redaksiyalar yaxşı menecerlər tapmalı və ortalığa yaxşı layihələr qoymalıdırlar ki, pozitiv nəticələri artırsınlar. Bütün bunlardan sonra medianın professionallaşmasından söhbət gedə bilər. Burada paralel işlər aparılmalıdır. Məsələn, Azərbaycan Mətbuat Şurası ölkədə media akademiyası yaradılması barədə layihə hazırlayıb. Bu qurum fəaliyyətə başlayandan sonra jurnalistlərimiz iki ildən bir burada öz seçimlərinə uyğun kurslardan keçə bilərlər. Yəni mediadakı peşəkarlıq problemlərinin həlli üçün müəyyən ideyalar var və bunlar gələcəkdə tədricən realizə ediləcək.
-Sizcə, ölkədəki jurnalistlərin attestasiyadan keçirilməsinə ehtiyac varmı?
-Fikrimcə, buna lüzum yoxdur. Çünki istənilən qəzetin satış və oxunma səviyyəsi daim izlənilir. Qəzet redaktorları və onların sahibləri də bu göstəricilərə görə özlərinin kadr siyasətlərini müəyyən etməlidirlər və yəqin ki, belə də edirlər. Nəticədə isə onlar çalışırlar ki, daha istedadlı və daha peşəkar jurnalistlərlə əməkdaşlıq etsinlər.

Söhbətləşdi: Savalan