İsmayıllı rayonunda küçə ticarəti ilə bağlı yaranmış vəziyyət sakinləri narahat etməyə başlayıb.

Belə ki, həm anti-sanitariya vəziyyəti, həm də qiymət artımı rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Doğrudur, icra hakimiyyətinin nəzarəti və vaxtaşırı monitorinqləri nəticəsində bu qanunsuz ticarətin qarşısı alınır. Amma bəzi işbazlar kimlərinsə himayədarlığı ilə küçə ticarəti ilə məşğul olmaqda davam edirlər.

Ən pisi odur ki, küçədə kəsilərək satılan ət və ət məhsulları, eləcə də digər ərzaq mallarının açıq havada satılması ciddi problemlərə yol aça bilər.

Unikal.org xəbər verir ki, İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi Rayon Polis şöbəsinin rəisi Telman Ağasıyevə ünvanladığı 23 avqust 2017-ci tarixli 01/483 saylı məktubla qanunsuz ticarətlə məşğul olanlara qarşı mübarizə aparmaqla bağlı müraciət edib.

Amma bu müraciətdən müəyyən müddət keçməsinə baxmayaraq, rayon polisi qanunsuz ticarətlə məşğul olanlara qarşı hər hansı bir tədbir görməyib. O zaman ortaya sual çıxır: Niyə polis şöbəsinin rəhbərliyi qanunsuz ticarətlə məşğul olanlara qarşı hüquqi addımlar atmır?

Orxan Həsənli