General oğlu müəammalı şəkildə azad oldu
General oğlu müəammalı şəkildə azad oldu

Vəkil Bağban Şirinov: “General Beydullayev sübut eləmək istəyir ki, guya onun oğlunu oğurluğa Röyal Məmmədov təhrik edib və bununla oğluna bəraət qazandırır”

İyulun 23-də Bakı Şəhər Apellyasiya Məhkəməsində qəribə və qəribə olduğu qədər də gülünc bir məhkəmə prosesi baş tutub. Həmin prosesin gedişi barədə suallarımızı Bakı şəhər 11 saylı hüquq məsləhətxanasının vəkili Şirinov Bağban cavablandırır.

-Əvvəlcə istərdik ki, sözügedən cinayət işinin məzmunu barədə oxucularımıza məlumat verəsiniz.
-Məhkəmə işində vəkili kimi iştirak etdiyim Məmmədov Röyal Bilal oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general Məmməd Beydullayevin oğlu Amil Beydullayev ilə birlikdə bu il aprelin 17-də şübhəli şəxs kimi polis tərəfindən saxlanılıb. Bir neçə oğurluq epizodu üzrə, yəni minik avtomobillərindən edilmiş oğurluq faktlarına əsasən. Bunlar barəsində 18 aprel 2012-ci il tarixində həbs qətikman tədbiri seçilib. Onlar istintaq dövründə maşınlardan götürdükləri əmlakları (bir neçə əşya Röyal Məmmədovun şəxsi maşınından aşkarlanıb, bir neçə əşya isə Amil Beydullayevin ev qarajından aşkarlanaraq götürülüb) sahiblərinə qaytarıblar. Hətta oğurlanmış pleyerlərdən biri Beydullayevlərin ailə maşınında aşkarlanıb. Həmin əmlaklar istintaq orqanları tərəfindən götürülüb və zərər çəkmiş şəxslərə dəyən bütün maddi ziyanlar ödənilib. Sonra isə zərərçəkənlər ərizə ilə istintaq orqanlarına müraciət ediblər ki, bizə dəyən ziyan ödənildiyinə görə daha şikayətçi deyilik. Qeyd etməliyəm ki, ittiham edilmiş şəxsin hər ikisi tələbədir. Məmmədov Röyal Bilal oğlu Rusiyanın Qroznı universitetinin, Amil Beydullayev isə Naxçıvan Dövlət Universitetinin tələbəsidir. Onlar barəsində cinayət işi qaldırılandan sonra bütün ziyanları ödədiklərinə görə və zərərçəkənlərin məhkəmə prosesi zamanı onlardan şikayətçi olmadıqlarını bildirdilər. Nəsimi Rayon Məhkəməsi onların hər ikisinin gənc olduğunu və ilk dəfə cinayət işlədiklərini, dəyən ziyanı ödədiklərini və əməllərindən peşman olduqlarını nəzərə alıb hər birinə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdi. Dövlət ittihamçısı, yəni Bakı Şəhər Prokurorluğunun prokuroru Rizvan Sultanov hər iki şəxsə 3 il 6 ay müddətinə həbs cəzası istədi. Məhkəmə də humanist bir qərar qəbul elədi və onlara yüngül cəza kəsdi. Bu zaman məhkəmə cəzanı yüngülləşdirən halları, eləcə də gənc olmalarını, dəymiş ziyanın ödənməsini nəzərə alaraq 3 illik cəzanı şərti olaraq bir il müddətinə sınaq müddəti təyin edib onların hər ikisini məhkəmə zalından azadlığa buraxdı. Lakin Bakı şəhər Prokurorluğunun İttiham İdarəsinin prokuroru Rizvan Sultanov Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və eləcə də Cinayət Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozub. Yəni ölkə konstitusiyasının 25-ci maddəsində deyilir ki, dövlət milliyyətindən, sosial mənsibiyyətindən, dinindən, dilindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarına təminat verir. Cinayət Məcəlləsinin 6-cı maddəsində isə deyilir ki, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və bərabər məsuliyyət daşıyırlar. Eləcə də Cinayət Məcəlləsində "iştirakçılıq" deyilən bir maddə var. Həmin maddəyə əsasən, cinayətdə iştirakçılıq dərəcəsinə görə cinayət törətmiş şəxslər arasında fərq qoyula bilər. İndiki fakta yanaşma baxımından aydınca görünür ki, Beydullayev Amillə Məmmədov Röyal bütün cinayətləri birlikdə törədiblər, hər ikisindən oğurlanmış əmlak aşkarlanıb, hər ikisi gəncdir və tələbədir. Lakin bunların heç birinə əhəmiyyət verilmədən Beydullayev Amilin general atasının qulluq mövqeyi nəzərə alınmaqla ondan hər hansı bir apellyasiya protesti verilməmiş, yalnız Məmmədov Röyal Bilal oğlu barədə apellyasiya protesti verilmişdir. Biz bu barədə dərhal respublikanın Baş Prokurorluğuna ərizə ilə müraciət etdik. Onlar hətta bildirdilər ki, belə bir şey ola bilməz, protest olacaqsa, hər iki şəxs barəsində olmalıdır. Lakin nədənsə iyulun 23-də Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov tərəfindən işə yenidən baxıldı. Məhkəmə prosesində prokuror ittihamı müdafiə etdi. O, ittihamın üstündə çox da qətiyyətlə durmadı və bildirdi ki, "Protest verilibsə, biz onu müdafiə etməliyik". Lakin hakim Qail Məmmədov bu işdə olan hallara baxmayaraq qərəzli şəkildə, yəni digər şəxsin general Beydullayevin oğlu olması və s. hallar müqabilində və bizim verdiyimiz protestlərə heç bir münasibət bildirmədən Məmmədov Röyal barəsində tətbiq edilmiş 70-ci maddəni hökmdən xaric edərək onun barəsində hökmdə göstərilən 3 illik cəza hissəsini saxladı və Məmmədov Röyal elə məhkəmə zalındaca həbs edildi.
-Hakim Qail Məmmədov general Beydullayevin oğlu Amili cəzadan azad edərkən hansı hüquqi arqumentləri əsas götürdü? O öz qərarını nə ilə əsaslandırdı?
-Heç bir əsaslandırma olmadı. Amil Beydullayevin vəkili məhkəmə prosesində ayağa durub dedi ki, "Beydullayev Azərbaycanın generalıdır, onun şəxsiyyəti, səviyyəsi, Müdafiə Nazirliyində işləməsi və s. kimi hallar nəzərə alınaraq onun oğurluq etmiş oğlu barədə protest verilməyib". Bax, onun vəkili bunu bildirdi. Nə prokuror buna münasibət bildirdi, nə də hakim. Hakim Qail Məmmədov, sadəcə olaraq, bizim qaldırdığımız vəsatətlərə də heç bir münasibət bildirmədən müşavirə otağına getdi və qayıdandan sonra bildirdi ki, "Hökm dəyişdirilsin və protest qəbul edilsin.
-Bəs bundan sonra müdafiə etdiyiniz şəxsin vəkili kimi hansı addımları atmaq istəyirsiniz?
-Biz birinci növbədə cənab Prezidentə müraciət edəcəyik. Çünki Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyinin və qanunçuluğun qarantı cənab Prezidentdir. Biz Prezidentə müraciətdə göstərəcəyik ki, bəzən Azərbaycan Respublikasında qanunlar şəxsiyyətdən və qulluq mövqeyindən asılı olaraq müxtəlif cür tətbiq edilir. Belə ki birinin imkanı var, dövlət qulluğunda çalışır, deməli, onun oğlu cinayət işləsə də, həbs edilə bilməz, onlara güzəştlər, imtiyazlar tətbiq edilir. Biz də cənab Prezidentə, eləcə də ölkənin birinci xanımı Mehriban Əliyevaya, Ali Məhkəməyə hakim Qail Məmmədovun çıxardığı hökm barədə müraciətlər edəcəyik. Hər bir halda da sözügedən hökmdən kassasiya şikayəti verəcəyik.
-Necə fikirləşirsiniz, bu cür məhkəmə prosesi və belə gülünc hökm çıxartma qaydası ölkəni nəyə doğru aparır? Bu addımlarla Azərbaycan məhkəmələri cəmiyyətdə hansı imici qazana bilər?
-Bilirsiniz, hazırkı dövrdə hiss edilir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun çıxartdığı hökm sırf sifarişli hökmdür, sifarişlə icra olunub və general Beydullayev sübut eləmək istəyir ki, guya onun oğlunu oğurluğa Röyal Məmmədov təhrik edib və bu cür üsullarla oğluna bəraət qazandırmaq istəyir. Və çox güman ki, o bu addımları atmaqla həm də oğlunun gələcək karyerası barədə də düşünüb. Röyal Məmmədovu tutdurmaqla o bir daha oğlunu təmizə çıxartmağa çalışır.Beləcə, general Beydullayev öz balasının gələcəyi xatirinə gənc bir oğlanın taleyinə ağır zərbə endirdi. Və bu faktdan bir daha aydın oldu ki, Azərbaycan məhkəmələri çox vaxt sifariş əsasında hökm çıxardır. Qəribədir ki, hakim ümumiyyətlə, öz hökmünə münasibət belə bildirmədi. Məhkəmədə iştirak edən üç hakimdən heç biri prokurordan soruşmadı ki, "Niyə bu əməlləri törətmiş iki şəxsin biri barəsində protest veribsiniz, o biri barəsində yox?" Biz bu barədə etiraz etsək də, hakim bu barədə prokurordan heç nə soruşmadı.
-Sizcə, prokuror Rizvan Sultanov məhkəmə prosesində niyə bu qədər müəmmalı davranıb?
-Biz ona bu sualı verdik. O səmimi şəkildə etiraf etdi ki, "Məni məcbur eləyiblər".
-Türkiyədə belə bir məsəl var ki, "Məmləkətin ən güvənli yeri məhkəmə salonudur". Azərbaycan məhkəmələrinin keçirilidyi salonlar barədə isə bu sözləri işlətmək olduqca parodik səslənər...
-Mən deməzdim ki, Azərbaycanın bütün məhkəmələri barədə bu sözləri demək olar. Çünki fakt budur ki, Azərbaycan məhkəmələrində yuxarıda təsvir etdiyim epizodlar da yer alır. Nəsimi Rayon Məhkəməsinin bir hakimi var idi: Xuraman Mərdanova. O, çox ədalətli bir xanım idi. Bununla belə, Azərbaycan məhkəmələrində çıxarılan ədalətsiz hökmlərin sayı artmaqdadır. Bayaq xatırlatdığım Mərdanovanın çıxardığı bütün hökmlərdən mən razı qalırdım... Əsas spöhbətimizə qayıdaraq deyirəm ki, əvvəlki məhkəmədə Cinayət Məcəlləsinin 8-ci maddəsi nəzərə alınmaqla ədalətli hökm çıxarılmışdı. Nəzərə alınmışdı ki, hər ikisi gəncdir, əvvəllər cinayət işləməyiblər, səhv edə bilərlər, tələbədirlər, gələcəkdə ictimai-faydalı əməklə məşğul ola bilərlər, vurduqları ziyanlar ödənilib və s. Çıxardılan hökmdə bu amillərin hamısı nəzərə alınmışdı. Amma Qail Məmmədov kimi hakimə heç cür inanmaq olmaz. Belələri Azərbaycanı uçuruma aparır. Onlar ölkənin hüquq sistemini məhvə aparırlar. İnsanlar qarasında fərq qoymaq və hökmü bu əsasda vermək... Belələrinə mənim hakim deməyə dilim də gəlmir.
-Bizim hakimlər Azərbaycan vətəndaşına insan kimi yanaşırlar, yoxsa mühakimə predmeti kimi?
-Belə götürək də. Azərbaycanın Cinayət Məcəlləsində bir sıra maddələrdə, məsələn, 70-ci maddədə göstərilir ki, əgər cəza çəkmədən vətəndaşın islahı mümkündürsə, ona qarşı azadlıqdan məhrumetmə cəzası tətbiq edilsə də, bu, şərti xarakter daşımalıdır. Çünki vətəndaş hadisəni törədəndən sonra istintaqın gedişində öz səhvini başa düşür və vurduğu ziyanın əvəzini tamamilə ödəyir. Belə insanları azadlıqdan məhrum etmək ədalətsizlikdir. Bakı Apellyasiya Məhkəməsi isə indiki halda heç bir araşdırma aparmadan 70-ci maddəni hökmdən çıxartdı və bir gəncin taleyinə olduqca ağır zərbə vurdu.

Söhbətləşdi: Savalan