Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması keçirilib.

Unikal.org-un məlumatına görə, "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 25-ci dəqiqədə penaltidən Amil Yunanov vurub.

Bununla da "Sumqayıt" ardıcıl 2-ci qələbəsini qazanıb, "Neftçi" isə 3-cü məğlubiyyətə məruz qalıb. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci pillədə qalıb. Flaqman isə 1 xalla 7-cidir.

Turun ilk 2 oyununda "İnter" "Kəpəz"i 3:2 hesabı ilə məğlub etdiyi halda, "Qəbələ" "Zirə" ilə heç-heçə edib - 1:1. Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan "Səbail" - "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib. Buna səbəb komandanın sentyabrın 12-də İngiltərədə "Çelsi" ilə keçirəcəyi Çempionlar Liqasının oyunudur.

Azərbaycan Premyer Liqası, IV tur

19:00."Sumqayıt - "Neftçi - 1:0
Qol: Amil Yunanov, 25-penalti ilə

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"Kapital Bank Arena