SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasından bir il ötür. Bu dövr ərzində ciddi kampaniya aparılsa da, bu istiqrazlara marağın olmadığını iddia etmək olar.

Bəs SOCAR-ın istiqrazlarına marağın olmaması, bu qədər təbliğata rəğmən vətəndaşların bu qiymətli kağıza etimad göstərməməsinin səbəbi nədir?

Bu barədə unikal.org-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, SOCAR-ın istiqrazları cəmiyyət tərəfindən etimadlı qiymətli kağız kimi qəbul olunmayıb. Onun sözlərinə görə, SOCAR-ın ilk vaxtlar apardığı kampaniyada kifayət qədər şişirtmələr var idi:

"Kampaniyanın ilk mərhələsində belə bir açıqlama verildi ki, tələb o qədər çox oldu ki, hamısı qurtarıb. Amma qeyri-rəsmi söhbətlərdən aydın oldu ki, əslində belə deyil. Yəni, maliyyə, sığorta təşkilatlarından, banklardan xahiş etdilər ki, istiqrazları alsınlar. Buna səbəb də odur ki, əhali kütləvi şəkildə bu istiqrazlara maraq göstərmədi. Onu da deyim ki, adətən hər hansı qiymətli kağız bazara çıxdığı ilkin mərhələdə reklam olunur. Amma bu ilin əvvəlində SOCAR yenidən reklama başladı. O zaman paradoks yaranır. Axı deyirdiz ki, istiqrazların hamısı satılıb. Satılan məhsulu niyə yenidən reklam edirsən? Bir də ki, SOCAR bu istiqrazları hansısa maliyyə təşkilatlarına satıbsa, bundan sonrakı mərhələ nəyə görə onlara maraqlıdır? Buradan bir daha aydın olur ki, həmin istiqrazlar xahiş-minnətlə paylanılıb. İndi də satılmır deyə, əl-ayağa düşüblər. Təbii ki, alanlar olub, amma təbliğ olunan səviyyədə deyil.

Ekspert onu da nəzərə çatdırıb ki, hazırıkı nəticə onu göstərir ki, istiqrazların buraxılması uğursuz olub. Onun sözlərinə görə, SOCAR yəqin ki, buna görə də susmağa üstünlük verir: "Bir də ki, insanlar baxırlar ki, banklarda sığorta edilmiş əmanətlərini geri ala bilmirlər, o zaman hansısa istiqraza necə etimad göstərə bilərlər? Nəzərə alsaq ki, bu istiqrazların heç bir sığortası, təminatı yoxdur. O zaman kim istiqraza pul yatırar. Bütütn bunlar bizim maliyyə sistemimizin etimaddan düşməsinin nəticəsidir.