Aprelin 1-dən 4-nə kimi davam edən müharibədə həyatını itirən əsgərlərimizdən biri Axundov Əbdülməciddir. Şəhidimizin yaxınları onun yoxluğuna dözə bilmirlər. 
Unikal.org big.az-a istinadən bildirir ki, şəhid Əbdülməcidin anası hisslərini sosial şəbəkədə ifadə edib. Şəhid anasının ürək dağlayan sözlərini təqdim edirik:
"İndi bu yazını sizə göz yaşlarımın yoldaşlığı ilə yazıram. Hüznün məni öz qoynuna alıb gəzdirdiyi və kədərlə qəmin mənə övlad olduğu halda yazıram. Gecələr onsuzluğa açarkən gözlərimi, onsuzluqda axtarıram doya-doya sevmək üçün. Bilmirəm, sizdə nə təsir qoyacaq və necə anlayacaqsınız. Lakin istəyirəm, oğlum unudulmasın və mən onu unutmamanız üçün yazıram. Sadəcə oxumaq üçün deyil. Unutmamaq üçün yazıram. 
Sətirlər yenə aciz qalıb ondan danışmağa. Mən isə yazmaqda çətinlik çəkirəm, hər kəlməm, hər sətrim ağlayır onsuzluğun boş otağında. Siz öz həyatınıza davam edərkən, mən yaşamaq üçün çabalayıram o olmayan boşluqda. Siz hər gün təbəssümlə oyanarkən, yuxudan mən onsuzluğa açıram gözlərimi və sadəcə göz yaşlarım yoldaş olur dörd divarda. Onun yoxluğunu qəbullanmaq, o bir daha gəlməz demək, onu birdəfəlik itirmək, mənim üçün diri halda boş bir məzara girməkdən belə çətindir. İndi onun məsum olan baxışlarına həsrət qalarkən mən siz unutmaqdan danışırsınız nədən?"