"Atletikonun yarımmüdafiəçisi Yannik Karraskonun İspaniya La Liqasının 9-cu turu çərçivəsində baş tutmuş "Selta ilə səfər oyununa (1:0) aparılmamasının səbəbi bəlli olub.

Unikal.org xəbər verir ki, belçikalı futbolçu əvvəlcədən açıqlandığı kimi zədə yox, cəza səbəbindən kənarda qalıb. Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Xəbərdə Karraskonun Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağla Bakıdakı oyunda etdiyi hərəkətə görə cəzalandırıldığı qeyd edilib.

Olimpiya stadionunda baş tutmuş görüşün 72-ci dəqiqəsində əvəzlənən Karraskonun meydanı ləng addımlarla tərk etməsi azarkeşlərin və komanda yoldaşlarının etirazlarına səbəb olub. Nəşrdə yer alan məlumata görə, hətta paltardəyişmə otağında futbolçuyla komanda yoldaşları arasında mübahisə də yaşanıb. Komandanın qələbəyə ehtiyacı olduğu bir zamanda Karraskonun bu cür laqeyd rəftarından qəzəblənən Simeone isə onu Viqoya gedən heyətə daxil etməyib.

Xatırladaq ki, "Qarabağ - "Atletiko görüşü qolsuz bərabərliklə nəticələnmişdi.