Xəbər verdiyimiz kimi, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilən zaman qatarın pencərəsindən qaçıblar. Hər iki şəxs kriminal aləmdə böyük nüfuza malikdir.

Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü Sahib Məmmədov məsələ ilə bağlı Unikal.org-a deyib ki, məhbusların qaçışı 3 hal nəticəsində mümkündür.

"Birincisi, mühafizəçilərin səhlənkarlığı nəticəsində ola bilər. Belə ki, mühafizəçilərin diqqətsizliyi və yaxud səriştəsizliyi bu qaçışı mümkünləşdirir. İkinci versiya, mühafizəçilər sözügedən məhbuslarla əlbir olur, sövdələşmə nəticəsində qaçışları reallaşır. Üçüncü hal isə basqın nəticəsində baş verə bilir. Dünyanın ən güclü ölkələrində belə, məhbusların aparıldığı konvoya hücum təşkil edilir. Yolda basqın olur, mühafizəçilər öldürülür, məhbuslar qaçırlar. Amma bizdə məhbusların qaçışı belə hahisə nəticəsində baş verməyib.

S.Məmmədov həmçinin, açıqlamasında bildirib ki, Azərbaycanda həbsxanalardan qaçışa cəhdlər dəfələrlə olub.

"10 ildən artıqdır ki, İctimai Komitənin üzvüyəm və mütəmadi olaraq məhbuslarla görüşürəm. Şəxsən mən azərbaycanda həbsxanalardan qaçışa cəhdlər barədə məlumatlıyam. 

Amma ilk dəfədir ki, belə hadisə ilə qarşılaşıram. Dünyanın hər bir yerində həbsxanalardan qaçışa cəhdlər olur. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin mühafizə sistemi çox güclüdür. Əvvələr qaçışa cəhdlər tez-tez olurdu. 1990-ci illərdə Qobustan qapalı təcridxanasında qrup şəklində qaçışa cəhd olmuşdu. Bu gün Azərbaycanda cəzaçəkmə müəssisələrində 22 mindən bir qədər artıq məhbus var. Belə xoşagəlməz halların baş verməsi də istisna edilmir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları - Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub. Bundan başqa, bu gün barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov da ədliyyə orqanlarından xaric edilib.